BBC separatçıların casus aztarışından yazdı

Ermənistanda hərbçilər arasında növbəti casus şəbəkəsinin aşkar olunaraq ləğv edilməsi barədə məlumat yayılıb. Bu dəfə məlumatlar casus qadınların hərbçiləri yoldan çıxarması, onlarla intim münasibətlərə girməsi və hərbçilərin 200 dollar müqabilində qadınlara hərbi sirlər ötürməsi barədədir.

Stepanakert/Xankəndində tanınmamış «Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidməti» tərəfindən 5 dövlətə xəyanət halının aşkar edildiyi, casus şəbəkəsinin ləğv edildiyi və digər vətəndaşların şəbəkəyə cəlb olunmasının qarşı alındığı bildirilir.

“Hərbçilər Facebook və Tik-Tok sosial şəbəkələri vasitəsilə şəxsi hesabında erməni adı ilə özünü təqdim edən xarici xüsusi xidmət əməkdaşı ilə tanış olub və bir müddət təmasda olduqdan sonra onun tapşırığı ilə ona qulluq etdikləri hərbi hissənin yerləşdiyi yer, döyüş növbətçiliyində olan hərbçilərin sayı, silah və sursat növləri haqqında və sairə dövlət və xidməti sirr ehtiva edən məlumat təqdim ediblər“ – «MTX» bildirib.

Bunun müqabilində onlardan tək birinin bank hesabına 200 dollar məbləğində pul ötürülüb. Digərləri vəd edilən məvaciblərini almayıblar.

İlkin istintaq nəticəsində əldə edilmiş dəlillərə əsasən, hərbçilərin üçü barəsində həbs qətimkan tədbiri seçilib.

Casusluqda ittiham olunan hərbçilər kamera qarşısında xarici xüsusi xidmət üçün məxfi məlumat topladıqlarını etiraf edirlər. Lakin xarici ölkənin adı açıqlanmır.

İttiham olunan şəxslərdən biri deyib ki, məxfi məlumat göndərdiyi qadınla 2021-ci ilin may ayında Facebook-da tanış olub.

«O, məndən Artsaxda yerləşən Rusiya Federasiyası sülhməramlı qüvvələr, Artsax əhalisinin sayı və sosial vəziyyəti, hərbi səfərbərlik, ordunun döyüş hazırlığı, hərbi-vətənpərvərlik təşkilatları və sərhəd bölgəsindəki vəziyyət barədə soruşub. Toplayıb ötürdüyüm məlumat müqabilində xarici xüsusi xidməti əməkdaşından bank hesabıma 200 ABŞ dolları yatırılıb. Hamını sosial şəbəkələrdə tanış olmayan şəxslərlə əlaqə yaratmaqdan çəkinməyə çağırıram. Artıq bu vəziyyətdə olduğunuz halda isə, Milli Təhlükəsizlik Xidmətinə müraciət edin».

İttiham olunan digər bir şəxs isə belə deyib: «Hərbi qulluqçuyam. 2021-ci ilin əvvəlində Facebook sosial şəbəkəsində Gürcüstanda yaşayan, özünün dediyinə görə, erməni millətindən olan qızla tanış olmuşam. Əlaqələrimiz eşq xarakterli olub.

Bir müddət keçmiş o, mənim hərbi hissəmlə bağlı məlumata maraq göstərməyə başladı… döyüş mövqelərinin yerləşməsi, müharibə nəticəsində yetirilən zərər, Artsaxda və Ermənistanda mövcud siyasi vəziyyət, sosial vəziyyət, Rusiya Federasiyası sülhməramlı qüvvələri haqqında məlumatlar istədi.

Mən ona döyüş mövqelərində çəkildiyim fotoşəkillərimi göndərmişəm. Rusiya sülhməramlılarının keçid məntəqələrinin şəkillərini çəkib göndərmişəm.

Öz hərbi hissəmin şəxsi heyəti və silah növləri və sayı haqqında məlumat vermişəm. Hərbi hissə komandirinin şəxsi məlumatlarını təqdim etmişəm».

Digər bir hərbçinin isə ifadəsi belədir:

«Tik Tok tətbiqi vasitəsilə 2021-ci ilin iyul ayında özünü Gürcüstanda yaşayan erməni kimi təqdim edən qızla tanış olmuşam. İlk zamanda təmasımız intim xarakter daşıyıb. Sonradan o, mənim xidmət etdiyim bölmə, yerləşdiyi yer, hərbi xarakterli məlumatlarla maraqlanmağa başlayıb. Mən ona döyüş mövqelərində çəkdiyim öz şəkillərimi, hərbi hissəmin tərkibi və sayı haqqında, hərbi hissənin komandiri və zabitləri haqqında məlumat vermişəm, hərbi texnika, silah və sursatın fotolarını göndərmişəm. Bunların müqabilində o, mənə pul təklif edib, lakin mən qəbul etməmişəm. Etdiklərimə görə heyfsilənirəm, mənə qarşı rəhmli olmağı xahiş edirəm».

Ermənistanda vətənə xəyanət maddələri ilə cinayət məsuliyyətinə cəlb olunma hallarının xüsusilə İkinci Qarabağ müharibəsindən sonra artması müşahidə olunur.

Bu məsələyə son mətbuat konfransında Baş Nazir Nikol Paşinyan da diqqət yetirib.

«Siz anlayırsınız — nə deməkdir? Ermənistan Respublikasının 50-dən çox hərbi qulluqçusu casusluqda ittiham olunur», o deyib və əlavə edib ki, «hətta döyüş zamanı öz artilleriyasına düşmən qoşunlarının koordinatlarını qəsdən səhv göstərən xəyanətkar hərbçilər də olub».

Mənbə: BBC News Azərbaycan

Bu xəbəri paylaşın: