AVMVİB Goranboy rayon şöbəsinin üzvləri şəhid ailələrinə baş çəkiblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin üzvləri bu gün Bərdə və Yevlax rayonunda şəhid ailələri ilə görüşüb və şəhid ailəsinin dəvətiylə şəhidə həsr olunmuş tədbirdə iştirak ediblər.


Xatırladaq ki, 44 günlük Vətən müharibəsi günlərində döyüş meydanında qalmış şəhid nəşlərini Elmar Məmmədovun rəhbərliyi ilə AVMVİB Goranboy rayon şöbəsinin üzvləri çıxara bilmişdilər. Bu barədə video görüntüləri sizlərə təqdim etmişdik. Ümumiyyətlə, goranboylu müharibə veteranları 44 günlük Vətən müharibəsində ordumuzla çiyin-çiyinə dayandı.


AVMVİB Goranboy rayon şöbəsinin üzvləri Yevlax rayonundan olan şəhid İlham Elxan oğlu Məmmədovun və Bərdə rayonundan olan şəhid Turqut Fikrət oğlu Zeynalovun məzarlarını ziyarət etmiş və ailələrinə baş çəkmişlər.


AVMVİB Goranboy rayon şöbəsinin sədri E. Məmmədov deyib: «Şəhid Turqut Zeynalovun atası Fikrət Zeynalov bildirib ki, döyüşlər getdiyi günlərdə Bərdə rayonunda meyitxanada 476 şəhidimiz yuyulub dəfn üçün yola salınıb. Onların müqəddəs qanı bu torpağa axıb. Ona görə də şəhid atası bu ərazidə şəhid adına layiq park salıb. Bu işləri görmək çadır qurulub və bu gün şəhidlərimizin qanı axan əraziləri şəhid atası Fikrət Zeynalov müqəddəs bir məkana çevirib. Ağaclar və gül kolları əkilib. Tezliklə şəhid qanı axan bu ərazinin açılışı olacaq».


Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov bu tədbirdə də yaxından iştirak edəcəklərini söyləyib.


Allah rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: