Boris Conson istefa verməyə razılaşıb

Britaniyanın İTV telekanalı Britaniyanın baş naziri Boris Consonun istefa vermək qərarına gəldiyini bildirib. Bu barədə The Sun, BBC və digər Britaniya KİV-ləri də xəbər verir. Onların fikrincə, Consonun istefasını bu gün, iyulun 7-də gözləmək olar. Dauninq-stritdə baş nazirin gün ərzində çıxış edəcəyi xəbəri yayılıb.

Boris Conson bu gün Mühafizəkarların lideri vəzifəsini tərk edəcək, lakin payıza qədər baş nazir səlahiyyətlərini icra edəcək. Nəşr qeyd edir ki, Mühafizəkarlar Partiyasının liderliyi uğrunda yarış bu yay baş tutacaq və yeni baş nazir partiyanın oktyabrda keçiriləcək qurultayında təyin olunacaq.

Sky News Downing Street sözçüsünə istinadən xəbər verir ki, «Bu gün baş nazir ölkəyə açıqlama verəcək».

Consonun istefasından sonra baş nazirliyə əsas namizədlər maliyyə naziri Rişi Sunak, ticarət naziri Penni Mordaunt, müdafiə naziri Ben Uolles, eləcə də xarici işlər naziri Liz Truss və xəzinənin yeni kansleri Nadhim Zahavidir.

Boris Consonun istefası daxili siyasi təzyiqlərlə əlaqələndirilir. Son günlər 50-yə yaxın siyasətçi Böyük Britaniya hökumətini tərk edib. Şimali İrlandiya üzrə nazir Brandon Lewis, dürüstlük və qarşılıqlı hörmət dəyərlərinin hökumətdə artıq olmadığını söylədi.

Baş nazir və onun hökumətindən narazılıq cinsi qısnamada ittiham olunan keçmiş xarici işlər nazirinin müavini Kristofer Pinçerin təyin olunması, həmçinin cənab Consonun iştirak etdiyi 2020-2021-ci illərdə karantin zamanı Downing Street partiyası qalmaqalı ilə əlaqələndirilir.

Bu xəbəri paylaşın: