Putin Rusiyada «Yəhudi Agentliyi»nin fəaliyyətini QADAĞAN ETDİ — İki ölkə arasında GƏRGİNLİK

Rusiyada “Yəhudi Agentliyi”nə (Jewish Agency) ölkə ərazisində bütün fəaliyyətini dayandırmaq təlimatı verilib.

CNN xəbər verir ki, bu barədə Rusiya hökuməti qərar qəbul edib. Həmin qərar Rusiya Ədliyyə Nazirliyi tərəfindən sözügedən təşkilata məktub şəklində çatdırılıb.

Agentlik rəsmiləri məktubun göndərildiyini təsdiqləyiblər.

Dünyanın ən böyük qeyri-kommersiya təşkilatı olan «Yəhudi Agentliyi» Rusiya hökumətinin göstərişi ilə bağlı şərh verə bilməyəcəyini qeyd edib. Təşkilatın rəsmiləri bildirib ki, Rusiya hökumətinin bu qərarı İsrail Baş Nazirliyi və  Xarici İşlər Nazirliyinin qiymətləndirilmə mərhələsindədir.

Təşkilat «Jerusalem Post» qəzetinə açıqlama verərək, Rusiyada fəaliyyətlərini davam etdirə bilmək üçün hökumət rəsmiləri ilə dialoqların aparıldığını bildirib.İsrailin yüksək rütbəli diplomatlarından biri isə Rusiyanın «Yəhudi Agentliyi»ni ölkə vətəndaşları haqqında qeyri-qanuni məlumat toplamaqda ittiham etdiyini deyib. O qeyd edib ki, hökumətin qərarı ilə bağlı məsələ qaldırılacaq və Rusiya rəsmiləri ilə danışıqlar aparılacaqdır.

İsrail mediası yazır ki, qərar İsrailə köçmək istəyən Rusiya yəhudilərinin işinə xələl gətirə bilər. Məlumatlara görə, minlərlə rusiyalı yəhudi sənədləşmə işlərini tamamlayaraq İsrailə uçuşları gözləyir.

«Euronews» isə iddia edir ki, Rusiyanın bu qərarı İsrailin Ukraynadakı müharibəyə qarşı tutduğu mövqe və prezident Volodimir Zelenskini müdafiə etməsi ilə bağlıdır.

Bu həftə Rusiya Xarici İşlər Nazirliyi İsrailin Suriyaya hücumlarını qəbuledilməz adlandırıb və hücumların qeyd-şərtsiz dayandırılmasını tələb edib.

Qeyd edək ki,  may ayında Rusiya xarici işlər naziri Sergey Lavrovun «Hitler də yəhudi əsilli idi» açıqlamasından sonra iki ölkə arasında gərginlik yaranıb. Vladimir Putin sözügedən açıqlamaya görə,  İsrailin Baş naziri Naftali Bennettdən üzr istəyib.

«Yəhudi Agentliyi» dünyadakı yəhudilər arasında ünsiyyəti və onların İsraillə əlaqəsini gücləndirmək üçün fəaliyyət göstərir. O, həmçinin bütün dünya üzrə yəhudilərin İsrailə immiqrasiyasında (Aliyah) fəal rol oynayır.

Vəsilə İbrahim,

Mənbə: Sfera.az

Bu xəbəri paylaşın: