Böyük Britaniyanın by gün istefa verən baş naziri Boris Conson bildirib ki, hökumət bundan sonra da Ukrayna xalqına dəstəyini davam etdirəcək.
Conson bunu Dauninq-stritdəki rəsmi iqamətgahında bildirib.
“İcazə verin, indi Ukrayna xalqına deyim: Böyük Britaniya sizin azadlıq mübarizənizi nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik”, – Conson deyib.
Onun sözlərinə görə, dünyanın ən yaxşı işini tərk etdiyi üçün kədərlənir. Eyni zamanda o, Mühafizəkarlar Partiyasının gələcək liderini və Britaniya hökumətinin başçısını dəstəkləyəcəyini vəd edib.
Bundan əvvəl Boris Conson britaniyalılara müraciət edərək, baş nazir və mühafizəkarların lideri postunu tərk etmək qərarını açıqlamışdı. Siyasətçinin sözlərinə görə, o, anlayır ki, Mühafizəkarlar Partiyasının yeni lideri seçmək vaxtı çatıb.
Onun Mühafizəkarlar Partiyasının yeni lideri seçilənə qədər fəaliyyət göstərəcəyi qeyd edilir.
Zelenski isə Consonu “Ukraynanın əsl dostu” adlandırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Boris Consonun istefasından sonra Böyük Britaniyanın Ukrayna siyasətinin dəyişməyəcəyinə əmindir.
O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Zelenski Consonu “Ukraynanın əsl dostu” adlandırıb və əlavə edib ki, baş nazirin istefasına baxmayaraq, Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasətinin yaxın gələcəkdə dəyişməyəcəyinə əmindir.
Qeyd edək ki, bu gün — iyulun 7-də Conson Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Conson həmçinin bildirib ki, o, Mühafizəkarlar Partiyasının yeni lideri və hökumət başçısı seçilənə qədər baş nazir vəzifəsində qalacaq.
BBC-nin xəbərinə görə, Mühafizəkarlar Partiyasının rəhbərliyinə seçkilər bu ilin yayında keçiriləcək və yeni baş nazir oktyabrda vəzifəsinin icrasına başlayacaq. Conson, Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra Ukraynaya səfər edən G7 ölkəsinin ilk lideri idi. Bu müddət ərzində o, artıq iki dəfə Kiyevə səfər edib.