“Moskva açıq şəkildə Ermənistana eyham vurur ki, İrəvanda təsadüfən nəsə partlaya bilər. Ermənistan Avrasiya İqtisadi Birliyi (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Biz adıçəkilən təşkilatlarda baş verən hadisələrdən narahat olmaya bilmərik. Üstəlik, Aİİ və KTMT-nin iki ən böyük dövləti – Rusiya və Qazaxıstan arasında açıq və çox sərt münaqişə var. Vəziyyət müharibə həddinə çatmasa da, gərginlik dərəcəsi çox yüksək səviyyədədir”.
Bu fikirləri erməni analitik Qalust Qriqoryan səsləndirib: “Qazaxıstanda iyulun 6-da ən böyük neft yataqlarından biri olan “Tengiz”də partlayış baş verib. Forbes-in məlumatına görə, orada hidravlik sınaq aparılıb və borulardan biri təzyiqə tab gətirməyib. Yerli polis bildirib ki, partlayış nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Burada bir şeyi xatırlamaq vacibdir. “Tengiz” neft-qaz yatağı Qazaxıstanın ən böyük yataqlarından biridir. Neft ehtiyatları 3,2 milyard ton qiymətləndirilir. Ancaq partlayışın Rusiya məhkəməsinin Qazaxıstanın “Tengiz”dən neft ixrac etdiyi Novorossiyskdəki dəniz terminalının fəaliyyətinin dayandırması barədə qərarı fonunda baş verməsi müəyyən suallar doğurur” – Qalustyan vurğulayıb.

- “Qazaxıstan isə buna cavab olaraq Qərbin sanksiyalarına məruz qalan Rusiya və Belarusa malların idxalına qadağa qoyulması barədə sərəncam hazırlayıb. Ölkənin Maliyyə Nazirliyi bunu ictimai müzakirə məqsədi ilə dərc edib. Sənədə əsasən, Qazaxıstan hakimiyyəti bu cür mallar üçün elektron qaimə-fakturaları təsdiqləməyəcək. Belə olan halda isə malların Rusiya ilə sərhəddən keçirilməsi qadağan ediləcək. Ümumiyyətlə, Qazaxıstana neft ixracı ilə bağlı problemlər prezidenti Kasım-Jomart Tokayevin bəyanatlarından sonra yaranıb. İyunun 17-də o, Vladimir Putinlə birlikdə SPIEF-də iştirak edib. Rusiya prezidentinin hüzurunda Tokayev “DNR” və “LNR”i yalançı dövlət qurumları adlandıraraq, Ukraynanın Rusiya tərəfindən işğal olunan ərazilərinin müstəqilliyini tanımayacağını bəyan edib. Yəni, hazırda Rusiya ilə Qazaxıstan arasında çox sərt qarşıdurma var və bu münaqişədə heç bir tərəf güzəştə getmək istəmir. Hadisələrin bu qədər sürətli inkişafı sübut edir ki, Avrasiya İqtisadi Birliyinin (Aİİ) inkişafı və hətta qorunub saxlanılması perspektivləri qeyri-müəyyəndir. Üstəlik, Rusiyanın dünənki müttəfiqini necə asanlıqla düşmənə çevirdiyinin bir daha şahidi olduq” – erməni analitik vurğulayıb.
Daha sonra Qalustyan öz erməni xislətindən irəli gələrək yenidən 44 günlük müharibədən və Rusiyanın Ermənistana xəyanətindən danışıb: “Rusiya sadəcə olaraq Türkiyə ilə birbaşa silahlı münaqişənin olmasını istəmirdi. Ona görə də “Artsax”da ordumuzu qırğına verdi. İndi hamımızın gördüyümüz kimi onun başqa planları var idi. Rusiya Ukrayna ilə müharibəyə hazırlaşırdı. Rusiya bu müharibəni başlatdı, lakin nəticə Kremlin istədiyi kimi getmir. Bunu hər yerdə, o cümlədən də Qazaxıstanda görürlər. Texnogen münaqişə zonasına çevrilmiş Özbəkistanı da Rusiya qarışdırıb. Bu, Daşkəndin Moskvadan uzaqlaşmasına cavab idi. Bunun fonunda isə Kanada Ermənistanda öz səfirliyini açır. Ancaq rəsmi Kreml Ermənistanda Kanada səfirliyinin açılmasına açıq şəkildə qarşı çıxır və Rusiyanın diplomatik korpusu həyasızcasına burnunu bizim işlərimizə soxur” – məqalədə deyilir.

“Əslində bu, ölkəmizdə nəyinsə təsadüfən partlaya biləcəyinə işarədir. Yaxud Rusiya Bakı və Ankaranın Ermənistana qarşı növbəti addımını dəstəkləyəcək. Məsələn, Zəngəzur dəhlizinin açılması məsələsini qeyd edə bilərik. Rusiya belədir, onunla ittifaq düşmənçilikdən daha təhlükəlidir” – Qalustyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
Mənbə: KONKRET.az