Şəfi bəy Fətəlibəyov: Üzeyir bəyin qulaqburması

Keçmiş dövrə ardıcıl və sistemli baxış göstərir ki, eldə-obada, cəmiyyətdə ağsaqqal, alim-aydın sözü eşidilib, dediklərinə əməl olunub. Müsbət əxlaqi keyfiyyətlərin mahiyyəti, məqsədi, məzmunu və əhəmiyyətini düzgün dərk etmək üçün sadəcə keçmişə boylanmaq lazımdır.

Şəfi bəy Qarabağda, Şuşada, Ağdamda tanınmış fətəlibəylilər soyuna mənsubdur. Bu soy Otuzki elinin Ətyeməzli oymağının mollaşərifli tayfasına bağlıdır. Bu tayfanın ulu babası Molla Şərif əfəndidir. Molla Şərif əfəndi XVII yüzilin sonlarında yaşamışdı.Obalarının dini işləri ilə ilgilənirdi.

Molla Şərif əfəndinin İsmayıl, Mustafa adlı oğulları vardı.

İsmayıl əfəndi Molla Şərif əfəndi oğlu XVIII yüzilin önlərində yaşamışdı. Mədrəsə təhsili almışdı. Obalarının dini işlərini idarə edirdi.

İsmayıl əfəndinin Məhəmməd adlı oğlu vardı.

Məhəmməd İsmayıl əfəndi oğlu XVIII yüzilin ortalarında ömür sürmüşdü. İbtidai təhsilini atasından almışdı. Obalarının yüzbaşısı olmuşdu.

Məhəmməd yüzbaşının Fətəli bəy adlı oğlu vardı.

Fətəli bəy Məhəmməd yüzbaşı oğlu XVIII yüzilin ikinci yarısında yaşamışdı. Ibrahimxəlil xana xidmət etmişdi. Obalarının yüzbaşısı olmuşdu.

Fətəli bəyin Əli bəy, Məhəmməd bəy adlı oğulları vardı.

Əli bəy Fətəli bəy oğlu 1767-ci ildə Otuziki mahalının Ətyeməzli obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Atasından sonra obalarının yüzbaşısı təyin edilmişdi.

Əli bəy Sona xanımla ailə qurmuşdu. Fətəli bəy, İsmayıl bəy, Lütfəli bəy, Kəlbəli bəy, Fərzəli bəy, Mustafa bəy adlı oğulları vardı.

Əli bəyin üçüncü oğlu Lütfəli bəy 1808-ci ildə Otuziki mahalının Ətyeməzli obasında anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.

Lütfəli bəyin Murad bəy, Şəfi bəy, Cavad bəy, Kazım bəy, Əli bəy adlı oğulları vardı.

Şəfi bəy Lütfəli bəy oğlu 1844-cü ildə ildə Şuşa qəzasının Kəbirli sahəsinin Ətyeməzli obasında anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa Qəza məktəbini bitirmişdi. Leyb-Qvardiyanın Qafqaz eskadronun 4-cü bölüyündə xidmət etmişdi. Praporşik rütbəsi alməşdı.

Şəfi bəy Fətəlibəyov ordudan tərxis olduqdan sonra Qəza idarəsində işə başlamış, öncə tərcüməçi sonra Yelizavetpol (Gəncə) və Cavanşir qəzalarında polis pristavı işləmişdi. Praporşik rütbəsi daşıyırdı.

Üzeyir bəy Hacıbəyov Şəfi bəy Fətəlibəyova açıq məktub yazıb tənqid etmişdi. Tənqid onun sərtliyi ilə bağlı idi. Həmin məktub:

Cavanşir uyezdinə (qəzasına-Ə. Ç.)) pristav Şəfi bəy Fətəlibəyova açıq məktub

«Dusti-mehriban», cənab Şəfi bəy!

Əvvəla, ümdeyi-mətləb vücudi-zicudinizin səlamət və afiyət üzrə bərqərar və payidar olmağıdır. Və saniyən, əgər iltifat məqamına gəlib, bu tərəfin əhvalatını xəbər alsanız, əlhəmdülillah vəlminnə sağ və səlamət olub, «ömri-giranbahanizə daim duagu varıq». Və salisən, neçə vaxtdan bəridir ki, siz cənablardan heç bir əhval yox idi. Bu isə bizi bir qəm və ələm dəryasına qərq etmişdi. Amma bu günlərdə sizin başınızın sahibi və naçalnikiniz (rəisiniz-Ə.Ç.) Pivovarov həzrətlərinə xoş gəlmək üçün təqsirsiz və günahsız müsəlmanlara rəva gördüyünüz zülm və sitəmin «şöhrəti» bütün afaqə əyan olduğundan, biz də ondan xəbərdar olub, «şadİman, məsərrətə nail olduq». Bundan sonra siz bizim «mədari-iftixarımız « oldunuz. Biz acizlər tərəfindən «təşəkkürlər» qəbul etməyinizi artıq-artıq rica edirik. Doğrudur, siz bu iyirmi beş ilin ərzində kəmali-sədaqətlə ifasında olduğunuz pristavlıq dövründə hökümətə çox böyük qulluqlar eddibsiniz, sizin qamçı (qırmanc)ınız altında ölmüş müsəlmanların, odunuzla yanmış evlərin, hökmünüzlə darmadağın edilmiş mal və mülklərin, «həya»nızla bihəya olmuş arvadların, şirk-jəyanlara mənsub nərənizlə bağrı yarılmış uşaqların ədədini götürüb, mülahizə etsən görərsən ki, neçə-neçə qəbiristanların təmiri sizin «hünəriniz»ə vabəstə imiş. Amma bu axırkı günlərdə ibraz etdiyiniz «hünər» şədid zülmkarın şöhrətini batırıbdır. Sağ olunuz, var olunuz! Sizin bir namazqılan və oructutan pristav olduğunuz bizim hamımıza məlumdur. Buna görə də aşağıdakı nidanı bəndəyi-həqirinizdən qəbul edin:

Ey su yerinə məsəlman qanı ilə dəstəmaz alıb, razü niyaz edən abid! Və ey, arvad-uşaq əşkilə qüsl edib, ibadətə məşğul olan zahid, behiştin əla dərəcəsində məqamınız var!… Qafqazda tamam 25 il pirstavlıqda qalmağınızdan rəncidəxatir olmayınız, öz qulluğunuzda davam edin, öldürün müsəlmanları, dağıdan ev-eşiklərini, əlinizdən gələn zülm və sitəmi onların haqqında əsirgəməyin! Belə bir gün olar ki, hökumət sizi naçalnikliyə layiq bilər. Doğrudur, bu neçə illərin ərzində Qarabağ üzrə cari etdiyiniz qan və əşklər sizin vicdanınızı, insaf və ədalətinizi yuyub aparıbdır, əvvəlcə yumşaq yaradılmış ürəyiniz mücuri-əyyam ilə bərkiyib, daşa dönübdür. Lakin zərər yoxdur, bu naçalnik olmağa mane ola bilməz. Çünki başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdan ötrü vicdan, ədalət, insaf və ürəyə heç bir ehtiyac yoxdur. Ümidvar olun, səbr və səbat lazımdır. Rautların, pivovarovların sağ əli sizin başınıza olsun. Onları özünüzə nümuneyi-imtisal tutub, hankı üçastok (sahə-Ə. Ç.) və uyezdə dəyişilsəniz onlar kimi məsəlmanlara zülm və sitəm etməkdə davam edin. Axırda da onların mənsəbinə çatarsız. Və bir də bağışlayın, mənim sizə yol göstərməyim» əbəsdir, siz öz «dərsinizi» yaxşı bilirsiniz. Artıq dərdi-sər vermək lazım deyil. Bu axırkı «şöhrətiniz» Qarabağda adınızı baqi qoyacaqdır. Ölülər cəsədlərindən sizə bir yadigar rəkz etmək Qarabağa vacibdir. Sağ olunuz, var olunuz! Sayayi-mərhəmət vayənizi biz həqirlərin üstündən kəsməyin…»

Şəfi bəy Fətəlibəyov Sona xanım Aslan bəy qızı Hacıbəyova ilə ailə qurmuşdu. Əli bəy adlı oğlu vardı.

Mətləbdən uzaq düşmədən bildirmək istəyirik ki, Ü.Hacıbəyov öz yaradıcılığında tərbiyə məsələlərinə xüsusi yer vermişdir. Insanın inkişaf edib formalaşmasında tərbiyənin rolunu yüksək qiymətləndirən Ü. Hacıbəyovun tərbiyə haqqındakı fikirlərinin əsasını humanizm, vətənpərvərlik, beynəlmiləlçilik, nikbinlik, mübarizlik təşkil edir. o, insan şəxsiyyətinin inkişaf etdiyi yazılarında, bir tərəfdən köhnə cəmiyyətdəki tərbiyə sistemini – mənsəbpərəstliyi, acgözlüyü, avaraçılığı, ikiüzlülüyü, soyğunçuluğu və s. barışmaz sifətləri tənqid etmiş, digər tərəfdən isə XX əsrin ictimai tələblərinə müvafiq sağlam bədənli, sağlam mənəviyyatlı gənclərin yetişdirilməsində öz yaradıcılığı ilə mühüm rol oynamışdır. O, tərbiyə işinə ardıcıl, müntəzəm, mütəşəkkil və məqsədyönlü aparılan bir proses kimi baxmışdır. Əxlaq məsələlərini dövrün tələbləri baxımından azadlıq uğrunda gedən mübarizənin tərkib hissəsi hesab etmişdir.

Ü. Hacıbəyov cürətsizlikdən doğan bir sifət kimi, mənfi keyfiyyət kimi – acizliyi də tənqid etmiş, bunlara qarşı təşəbbüskarlıq və mübarizlik kimi gözəl əxlaqi keyfiyyətlər təlqin etmişdir. O, yazırdı: “Odur ki, biz hər bir təşəbbüs müqabilində özümüzü aciz bilib, cürətsizlik etməməliyik. Insan ruzigarın önümüzə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır. Acizlik və cürətsizlik göstərməkdənsə, mübarizə edib ruzigara basılmamaq əfsəldir” (63, səh.640-653). Beləliklə, Ü.Hacıbəyov cürətsizlik və acizliyi uşağın tərbiyəsində əxlaqi yoxsulluq hesab etmiş və humanist keyfiyyətlərə malik olmağı mühüm əxlaqi mənəviyyat kimi qiymətləndirmişdir.

Xudayar xan Xudayari

Ənvər Çingizoğlu

Jurnalist, etnoqraf

Bu xəbəri paylaşın: