44 günlük Vətən müharibəsi gücümüzü göstərdi…

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi 

XƏZƏR RAYON SAKİNİ

Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apararaq öz gücünü bütün dünyaya göstərdi. Vətən müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Artıq, bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Bu Qələbə təkcə xalqımızın qələbəsi deyil.

Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq, qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir.

Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə, yol, ancaq budur.

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bölgələrdə aparılan işlərə nəzarəti Prezident İlham Əliyev bilavasitə özü aparır. İnfrastruktur layihələri icra edilir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı, həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. “Diri Baba” türbəsi bərpa və konservasiya olunub.

“Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir. Ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür. Ərzaq təhlükəsizliyi. Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq. Biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi.

Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək. Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq. 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. 32 kilometr uzunluğunda olan yol cəmi bir il ərzində inşa edildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəmiz də Azərbaycanın gücünü, xalqımızın yenilməz iradəsini bütün dünyaya göstərdi. Son üç onillik ərzində Azərbaycan dövləti və xalqımız Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdəki hakimiyyət boşluğundan sui-istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin iyirimi faizini öz nəzarəti altına keçirməsi faktı ilə heç vaxt barışmadı. Artıq tarixə dönən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması, işğal altındakı torpaqların geri qaytarılması həmişə Azərbaycanın gündəliyinin mərkəzində dayanırdı. Praqmatik siyasətçi olan İlham Əliyev hələ 2003-cü ildə xalqın etimadını qazanaraq Prezident seçiləndə ölkənin ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Azərbaycanın ərazi bütövlüyü ötən bu illər ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, qarşı tərəfə hər hansı bir güzəşt edilmədi. Halbuki, biz bəhs olunan dövrdə ölkəmizə qarşı təzyiqlərin də, təhdid cəhdlərinin də şahidi olmuşuq. Prezident İlham Əliyev Ona xas olan yüksək diplomatik məharətlə bütün bu kimi cəhdlərin qarşısını almağa və milli maraqlarımızı qətiyyətlə qorumağa nail oldu. Son illərdə Prezident İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qatıldığı bütün mötəbər tədbirlərdə həmişə ölkəmizin ərazi bütövlüyünün bizim üçün prinsipial əhəmiyyət daşıdığını, münaqişənin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini diqqətə çatdırırdı. Müharibənin tərəfdarı olmayan, sülhə böyük önəm verən Azərbaycan üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etdi və daim konstruktivlik göstərdi.

Bununla belə, Prezident İlham Əliyev həmişə açıq şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz özünün ərazi bütövlüyünü digər vasitələrlə, o cümlədən də hərbi yolla təmin edəcək. Ötən bu illər ərzində Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasət sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün beynəlxalq səviyyədə zəruri hüquqi bazanın yaradılmasına nail oldu. Belə ki, əksər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etdilər. Yaradılan beynəlxalq hüquqi baza Vətən müharibəsində respublikamızın mövqeyini gücləndirdi. Məlum olduğu kimi, 44 gün ərzində bəzi dairələr, ayrı-ayrı ölkələr Prezident İlham Əliyevdən müharibənin dayandırılmasını istəyirdilər, hətta öz ərazi bütövlüyü uğrunda ədalətli müharibə aparan ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasını gündəmə gətirmişdilər. Ancaq Azərbaycana dost olan dövlətlərin, o cümlədən Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin səyləri sayəsində belə cəhdlərin qarşısı alındı. Əlbəttə, Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən söhbət açarkən son illərdə ölkəmizin güclənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmini xüsusi qeyd etməliyik. İqtisadiyyatı güclü olmayan ölkə müharibə aparmağa, özünün milli maraqlarını qorumağa qadir deyil. Forpost dövlət olan, iqtisadiyyatı çökən, investisiya cəlbediciliyini itirən işğalçı Ermənistanın 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğraması bunu əyani şəkildə təsdiqlədi. Azərbaycan Vətən müharibəsini öz gücü hesabına apardı və qalib gəldi. 

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin, yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

Bu xəbəri paylaşın: