ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin Azərbaycan hökumətinin Şuşa dəvətinə məhəl qoymaması və bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməsi barədə bəyanatına münasibət bildirib.
“Birləşmiş Ştatlar davamlı dialoq, o cümlədən yüksək səviyyədə uzunmüddətli və hərtərəfli sülhə nail olmaq üçün mümkün olan hər şeyi edə biləcəyimizə inanır. Birləşmiş Ştatlar bu prosesi asanlaşdırmağa hazırdır. Artıq dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ABŞ-dan böyük dəstəkçi yoxdur”, — ABŞ səfirliyindən «Amerikanın Səsi»nin Azərbaycan xidmətinin sorğusuna cavab olaraq bildirilib.
Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərlə bağlı Azərbaycanla əlaqələr yaratmaq üçün bütün “Azərbaycan rayonlarına, o cümlədən Ağdam, Zəngəlan və Füzuli rayonlarına səfər ediblər və etməkdə davam edirlər.
