Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev, AVMVİB Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov və Müharibə Əlillərinə «Qayğı» İctimai Birliyi Sabunçu rayon şöbəsinin sədri Vidadi Şabanovla birgə Bərdə, Xocavənd və Ağdam rayonlarına səfər edərək şəhid ailələriylə görüşlər keçiriblər.
Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.



Hamlet Gülməmmədov bildirdi ki, şəhid ailələri və müharibə veteranları ilə birgə Xocavənd, Bərdə və Ağdam rayonlarında Şəhidlər Xiyabanları ziyarət ediblər. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük Vətən müharibəsində özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz, məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Biz bu müqəddəslərimizi unutmamalıyıq.


Bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik. Bizlər əsla sizin haqqınızı ödəyə bilmərik. Bu Vətənin bölünməzliyi, və bizlərin dinc yaşaması üçün vuruşan bu qəhrəmanlar hər birimizin qəlbində yaşamalıdır! Ona görə də təmsil etdiyim Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti və Xocavənd rayon şöbəsi daim şəhidlərimizin bizə əmanət etdiyi ailələrinin yanında olmağa, onların dərdlərinə şərik olmağa çalışırıq.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev də qeyd etdi ki, biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq. Bu gün biz bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. Onların haqqı ödənməzdir. Adları bu Vətənlə əkizləşən qəhrəmanlarımıza Allahdan rəhməty diləyirəm.
Şəhid məzarları ziyarət olunmuş və onların ruhuna dualar oxumuşlar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Bərdə-Ağdam-Xocavənd








