
XAQANİ ƏDƏBOĞLU
Rotşildt deyir ki, əgər kasıblar cənnətin olmadığını öyrənsələr, onda biz dünyanı idarə edə bilməyəcəyik…
Ziya Göyalp deyirdi ki, bir millət ruhunu itirdiyi zaman, milli istiqlalını və Vətənini də qeyb edər.
Milli ruhun deqradasiyaya uğraması prosesi sürətlənib. Bir zatı bəlli olmayan çıxıb milli tabuları, biriləri çıxıb tariximizi, biri qalxıb milli maraqlarımızı, mental dəyərlərimizi və s. hədəfə alır. Biri çıxıb rus, biri fars şovinizminin təbliğatını aparır. Biriləri də elə Novruzəli kimi poçt qutusunun yanında durub «bəyin məktubunun» keşiyini çəkir və vecsizcəsinə baxır. Əlbəttə ki, günahkar bizik. Öncə gözlərimiz görə-görə jurnalistikanı öldürdülər. Bəzi iş bilənlər ictimai jurnalistikaya üz tutdular. Bu millət düşmənləri boş durmadılar. Beş-üç burnunun ucunu görməyən ünsürləri ortaya atıb iyrənc söyüşləri meydana gətirməklə ictimai jurnalistikanı da gözdən salmağa çalışırlar. Bu yolda düşmən dəyirmanına su tökməyənlər varsa, dayanıb düşünsünlər. Bu artıq milli məsələ qədər ciddi bir addımdır.
Bildirim ki, bir millətin varlığını və milli mədəniyyətini məhv etmək üçün 3 yol var: Ailə insititunu yıxmaq, təhsili çökürtmək, milli tabuları və örnəkləri dəyərdən salmaq.
—Ailəni yıxmaq üçün ananın ailədəki rolu dəyişdirilməlidir. O, ev xanımı olmaqdan utanmalıdır.
—Təhsili yıxmaq üçün müəllimləri ictimaiyyət arasında etibarsızlaşdırmaq lazımdır. Bunu elə edin ki, hətta öyrənciləri belə onlara həqarətlə yanaşsın.
—Örnək olanları nəzərdən salmaq üçün alimləri və fikir adamlarını dəyərsizləşdirmək vacibdir. Onlara şübhəylə baxılmasını təmin et ki, kimsə onları dinləməsin. Bunca bəsit bir üsulla istənilən ən güclü toplum tarix səhnəsindən endirilə bilər.
Bu gün, əfsuslar olsun ki, Azərbaycan xalqı «hazır yem» kimi meydandadır. Bunu görmək üçün, sadəcə sədəqə üçün, çörək pulu üçün, yemək üçün, yaltaqlıq üçün əyilmiş başlarınızı bir anlıq yuxarı qaldırın və cəmi 5 dəqiqə uşaqlarınızı bəhanə edərək düşdüyünüz girdaba baxın. Əgər gələcəyi və hürriyyəti olmayacaqsa, o uşaq sizin nəyinizə lazımdır?
İndi çirkin birinin özünü gözəl sayması, oğrunun özünü doğru sayması, əxlaqsızın namuslu ədası, hər gecəsini başqa-başqa oynaşla keçirib bizlərə bəkarətdən dəm vurması, nadan birinin aqillərə dərs öyrətməsi artıq məişət hadisəsi kimi adiləşib. Sizlər elə bilirsiniz ki, İbrahim (ə) peyğəmbəri yanar tonqala atmışdılar? Bu olay bir aqilin yüzlərlə nadanın içərisinə atılması, bir doğrunun minlərlə oğrunun, bir əxlaqlı insanın minlərlə əxlaqsızın, bir adilin minlərlə ədalətsizin əhatəsində yaşaması deməkdir. Siz elə bilirsiniz ki, Nuh (ə) Tufandan gəmiylə qurtulmuşdu? Buyurun COVİD-19 virusu hər birinizi, dünyanı da qoynuna almadımı? Bu «Tufan» bitməyib, onlarla xalqın sıradan çıxarılması üzərində işlər gedir. Milli dəyərlərindən, elmdən, öz tarixi köklərindən və ən nəhayət gələcək haqda idealları olmayan xalqlara Yeni Dünya düzənində yer olmayacaq. Başlarımızı yüz cür internet hoqqaları və oyunlarıyla qataraq bizləri bu proseslərdən kənar saxlamaqdadırlar.
Ən əsası korrupsiyaya əsir düşmüş xalqların bu düzəndə yerləri yoxdur. Bu misalı bir neçə dəfə çəkmişəm. Bunu təkrarlamaqda istəyim onu oxumanızdır. Amma oxumadığınızı bildiyimə görə təkrarən yazıram ki, bəlkə kimsə oxudu və həqiqətlərdən hali oldu. İsrailin Baş naziri olmuş tək qadın Qolda Meir ölkəni qüdrətli bir ölkəyə çevirmək yolları haqqında danışarkən belə demişdi: «Əgər oğul və qızlarının qayıdıb gələcəyi bir ölkə qurmaq istəyirsinizsə, əgər bu ölkədən əhalinin yalnız tətil üçün gedəcəyini istəyirsinizsə, gələcək qorxusu keçirməyən bir ölkə qurmaq istəyirsinizsə, vur-tut iki addım atmalısınız.
1. Korrupsiya cinayətini Vətənə xəyanətlə eyniləşdirin, korrupsionerləri isə 7 arxa dönənini xain elan edin.
2. Bir də 3 peşəni yüksək gəlirlə və hörmətli mövqeyə qaldırın: Hərbçilər, müəllimlər və həkimlər»…
Mənə belə gəlir ki, bu xanım siyasətçi dövlətçiliyi o qədər dəqiq analiz edib ki, əlavə şərhə ehtiyac qalmır. Amma gəlin bir suala cavab axtaraq: «Bizdə rüşvət olmasa, ölkədə nə baş verər?» Bircə onu deyirəm ki, bütün iş təklifi elanlarında belə bir elan görərsiniz: «Baş Nazir işləmək üçün vakant yer var. Əmək haqqı 2 460 manatdır»…
Bu gün isə Azərbaycansayağı iş elanı belədir: İşçi axtarılır. İşçi özündən yeyib bizə işləməli və bizi də yedirtməlidir…
Amma bu ölkənin Aqil Babayev adlı bir «Mehdisi» də gəlməyi ilə rüşvət almağı bir oldu. İndi rüşvət verən cənnətini, «Mehdi» isə hakimin qərarını gözləyir. Bizim hakimlərin qərarı Allahın buyruğuna bənzəməz ha, cənab «Mehdi». Bizim hakimlər, adamın üzünə sərbəstcəsinə qərar çıxarar ki, sən adam deyilsən. Bax neyləyə bilərsən? Bu gün qorxum odur ki, bizim haqlı, ədalətli məhkəməmiz qərar çıxara ki, elə bu şəxs Aqil Babayev deyil, elə «Mehdinin özüdür». Nə deyəcəksən? «Mehdiyə» qarşı çıxsanız, İran küsəcək. Hakimə qarşı çıxsanız da Rusiya inciyəcək. Ən yaxşı o adamın «Mehdiliyini» təsdiq edin. Qoy xalq öz «Mehdisinə» rüşvət verib cənnətə qəbzini alıb, evdəki seyfə qoysun. Rotşildt deyir ki, əgər kasıblar cənnətin olmadığını öyrənsələr, onda biz dünyanı idarə edə bilməyəcəyik…
… Bizdə tez-tez təsəlli üçün deyirlər ki, dünyanın çox ölkəsində rüşvət alırlar. Olsun, amma heç bir ölkədə oliqarxların gözləri kasıbın «siçanlar oynaşan» cibində deyil. Hətta mafioz narkobaronlar belə bu zümrəyə etdikləri yardımlarla xatırlanırlar. Amma bizdə belə deyil. Xalqdan oğurlayıb xalqa xərcləmək bunlar üçün ruslar demiş, «za padlo» sayılır. Ona görə də sənə zülm edənin erməni, rus və yaxud doğmaca əmin oğlu olmasının heç bir fərqi yoxdur. Yəni deyə bilməzsən ki, «sənin rüşvətxor qardaşın, mənim rüşvətxor qardaşımdan yaxşıdır». Belə bir kriteriya yoxdur.
1960-cı ildə Türkiyənin Elazığ Psixi xəstəxanasında dəlilər bir tibb işçisinə hirslənərək qaçıb şəhərə dağılışırlar. Hər kəs 423 dəlinin qaçmasından əndişələnərkən, baş həkim özünü itirmədən deyər ki, mənə bir fit tapın və işçilərin bir qismi də bir-birindən tutub qatar səsi çıxararaq «tak-tuk» deyib arxamca gəlsinlər. Bu cür şəhəri dolaşarar və bir-neçə saatdan sonra qaçmış bütün dəlilər bu «qatarda» öz yerlərini alarlar. Geri qayıdınca onlara qoşulanların sayı hər kəsi təəccübləndirir. Bu dəstəyə 423 əvəzinə 612 nəfər qoşulmuşdu. Yəni hərənin öz aid olduğu belə bir «qatar»ı var. Ölkəmizdə gəlin belə bir «qatarla» dolaşaq və rüşvət alıb, verənləri qoşulmağa çağıraq. Sizcə bu «qatardan» kənar qalanların sayı nə qədər olar? Bizim qatarın sərnişinləri hallarından məmnundurlar. Ziyalısından tutmuş işçisinədək kişili — qadınlı qeybətə meyilləniblər. Bircə kanal, sayt, qəzet və s. deyin ki, millət üçün gərəkli olan bir işlə, heç olmasa təbliğatla məşğul olsun. Biz xalqı maarifləndirmədən uzaq saxlamaqla öz elmsizliyimizi gizləməyə çalışırıq. Çünki bu üzdə olanların bircəsi də aqilləşən xalqın qarşısında durub söz danışa bilməyəcəklərini yaxşı bilirlər.
Bu gün onların günüdür. Bu meydan da onların meydanıdır. O kor yabı da onlara məxsusdur. Ona görə də «qotur eşşəklər üçün bu yaylaqda» gün keçirməyə nə var? Bizə də ki, Allah verib. Hesabımızı riyazi qanunlarla deyil, ehtimallar üzərindən apararıq. Məsələn, sürüdə qoyunların azalmasını araşdırmadan çaqqala, canavara söyərik. Düzünə qalsa, çaqqalın, canavarın adı çıxıb, sürüyə cavabdeh olan çobanla köpəyinin vurduğu zərəri, nə canavar sürüləri, nə də çaqqal sürüləri vura bilməzlər…
Daha göylərdən alma-zad düşmür. Gözləməyin…
