«Putin haqlıdır, taxıl yoxsul ölkələrə getmir».
«Margin.az» «TRT Haber»ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiya Prezidenti Zoran Milanoviçlə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, taxıl zəngin ölkələrə daşınır: «Hələ ki dəhliz vasitəsilə Rusiya taxılı daşınmır. Rusiyadan taxıl daşımalarının başlamasını istəyirik, bunu gözləyirik. Cənab Putinin haqlı olduğu bir şey var. Bu nədir? Çıxarılan taxıl inkişaf etmiş, zəngin ölkələrə gedir, kasıb ölkələrə yox. Əsas məqsəd taxılın kasıb ölkələrə göndərilməsinin davam etdirilməsidir.
İndi Rusiyaya qarşı bu sanksiyalar davam edərkən, bu sanksiyaları gündəmə gətirən və bu sanksiyaları tətbiq edən ölkələrə taxıl daşınması cənab Putini də narahat edir. Biz istəyirik ki, Rusiyadan taxıl daşınmasına başlayaq və bu taxılı həqiqətən yoxsul ölkələrə çatdıraq. Bu sahədə gecikmə var. Bu məsələləri Putinlə Səmərqənddə müzakirə edəcəyik. Təbii ki, hər şeydən əvvəl enerji məsələsi var».
Əlavə edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında çıxış edərkən bildirib ki, Ukraynadan çıxarılan taxıl yoxsul ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə gedir.
