Nancy Pelosi Yerevanda Azərbaycanla bağlı nə deyib?

Yerevanda olan ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosi son sərhəd toqquşmasında Azərbaycanı günahlandırıb, onu Ermənistan ərazisinə «qanunsuz hücumda» ittiham edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Nancy Pelosi-nin açıqlamasını «əsassız, ədalətsiz və qəbuledilməz» adlandırıb və Ermənistanla Azərbaycan arasında «hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbə» kimi qiymətləndirib.

Ötən həftənin əvvəlində Azərbaycanla Ermənistanın dövlət sərhədində baş verən döyüşlərdə hər iki tərəfdən 200-dən çox hərbçi həlak olub, yüzlərlə yaralı var. Son döyüşlərə görə Azərbaycan və Ermənistan bir-birini ittiham edir.

Nancy Pelosi Yerevanda Azərbaycanın Ermənistana «qanunsuz hücum etdiyini» deyib: «Biz bu hücumları qətiyyətlə pisləyirik».

Azərbaycan Xarci İşlər Nazirliyi (XİN) bildirib ki, sərhəddəki döyüşlər Ermənistanın «təxribatı olub» və hazırda tərəflər arasında atəşkəs hökm sürür və belə «birtərəfli addımlar regionda kövrək sülhün əleyhinədir, gərginliyi artırır».

XİN-nin bəyanatında vurğulanıb ki, Nancy Pelosi ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü üçün hazırlaşır və bu səfərində «ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir».

Reuters yazıb ki, münaqişədə günahın belə qəti şəkildə bölüşdürülməsi ABŞ Dövlət Departamentinin indiyə qədər ictimaiyyət qarşısında söylədiklərindən kənara çıxır. Dövlət katibi Antony Blinken döyüşlərlə bağlı narahatlığını ifadə edib və sakitliyə çağırıb, lakin günahı kiminsə üstünə atmayıb, — agentlik bildirib.

Bazar günü Yerevanda jurnalistlərin suallarını cavablandırarkən Nancy Pelosi deyib ki, Birləşmiş Ştatlar Ermənistanın müdafiə ehtiyaclarını dinləyir. ABŞ Konqresinin spikeri Washingtonun gördüyü demokratiya və avtokratiya arasında qlobal mübarizədə onların Ermənistana kömək və dəstək vermək istədiyini bildirib.

O, son döyüşlərdən sonra Rusiyanın başçılıq etdiyi KTMT-nin mövqeyi barədə sualı cavablandırarkən deyib ki, qurumun Ermənistana verdiyi cavabdan «məyus olması maraqlıdır», amma o bu marağın nədən ibarət oldğunu açıqlamayıb.

Ermənistanın yüksək rütbəli rəsmisi ötən həftə Rusiyanın rəhbərlik etdiyi hərbi alyansın Yerevanın kömək istəyinə verdiyi cavabdan narazılığını bildirib.

«Təbii ki, biz çox narazıyıq. Gözləntilərimiz özünü doğrultmadı» deyən parlamentin spikeri Alen Simonyan milli televiziyaya açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını «güllə atmayan tapançaya» bənzədib, İnterfaks xəbər agentliyi yazıb.

Sərhəddə döyüşlər gedən zaman Ermənistan KTMT-yə kömək üçün müraciət etsə də, təşkilat bu ölkəyə hərbi kontingent göndərmək fikrində olmadığını deyib, yalnız monitorinq missiyası göndərib.

Mənbə: BBC

Bu xəbəri paylaşın: