GƏLİN, BU HAQDA DÜŞÜNƏK

ELBARİZ MƏMMƏDLİ

Sualım kiməsə qəribə görünməsin. Son günlər cəmiyyətin diqqət mərkəzinə ötürülən o qədər riyakarlıq və namərdliklə rastlaşırıq ki, bu sualı özünə vermək hissi çoxlarımızda baş qaldırıb. Gözümüzün qarşısında dünyanın düzəni dəyişir- İran çalxalanır, Rusiya qeyri-müəyyənliyə yuvarlanır, Çindən eşitməyə alışmadığımız xəbərlər gəlir və bu məqamda namərd ermənilər aranı qatıb, sinir nöqtələrimizi döyüş meydanına çevirir. Şəhidlər veririk. Neçə ailəyə od düşür, canımız yanır və öldürülməkdən başqa tərbiyə üsulu tanımayan düşmənlər tumanlarını başlarına çəkib, dünyaya haray salırlar ki, bəs, qoymayın, Azərbaycan torpaqlarımızı işğal edir. Bütün Ermənistan və ermənilik bu fikrin ətrafına toparlanır. Təkcə ermənilərmi?

Mən, gəncliyimdən milli-azadlıq hərəkatının fəallarından olduğum üçün bəzən, bütün yanlışlarına baxmayaraq, siyasi müxaliflərə loyal yanaşmağa çalışmışam. Amma düşünürəm ki, Dövlət və Millət məsələsində yanlışa loyal yanaşmanın özü də xəyanətdir.

Sentyabr hadisəsi nəticəsindən asılı olmayaraq, bütün Vətən sevdalıların canını yandırdı. Doğrudur, düşmənin cavabı artıqlaması ilə verildi. Fəqət, bu bir Şəhid ailəsinin yarasını sağaltmağa belə yetərli deyil. Ölkəmizdəki bütün siyasilər bunu anlayırlarmı? Xeyr. Hakimiyyətyönlülər boyundan yuxarı atılıb Qərbi və Amerikanı hədələyir, müxaliflər dövlətimizi qonşu dövlətin ərazisinə təcavüzdə suçlayır. Bunun adı nədir? Milli mübarizə metodu? Qətiyyən! Siz bu millətdən nə istəyirsiniz? Sizin istəklərinizlə Rusiyanın, Fransanın, İranın və başqalarının istəkləri arasında çoxmu fərq var?

Onsuz da ölkənin daxili düşmənlə doludur. Belə bir məqamda dövləti suçlamaq, birbaşa düşmənlərin əlinə oynamaqdır. Son döyüşdə ölkəmizin təhlükəsizliyinə ciddi fəsadlar yaradacaq təhlükəli nöqtələr tamamilə məhv edilib. Hamımızdan fərqli olaraq, sinəsini Vətənə atılan gülləyə sipər edən qəhrəman övladlarımızın hesabına. Millətə bütövlük üçün çağırış etdinizmi? Etmədiniz. Əvəzində İlham Əliyevin Laçından verdiyi bəyanatı müzakirəyə çıxarıb, Blinkenin, Makronun, Nensi Pelosinin xoşuna gəlmək üçün özümüzü suçlamaq yolunu tutdunuz. Belə mövqedə olan beş-üç erməni adı çəkə bilərsinizmi? Yoxdur, axı.

Yadımdadır, 1988- ci ildən başlayan mitinqlərə sonradan Bütöv Azərbaycan xəritəsi də gətirilidi və hamımız onu ürəklə alqışlayırdıq. İndi anlamaq olmur, fikrimiz dəyişib və Vətən savaşından vaz keçmişik? Yaxşı, dünənə kimi keçirilən mitinqlərdə səsləndirilən «Qarabağ», «Azərbaycan» və. s şüarlar nə üçün dilə gətirilirdi?

İndiki vaxtda millətin nə istədiyini və nəyə görə bütün ehtiyaclara dözdüyünü hamımız yaxşı bilirik. Balası bu torpağa qurban gedən kasıbların heç biri övladını çöldən tapmayıb. Gərək kimsə bu qanla oynamağa, onu öz niyyətlərinə yönəltməyə cürət eləməsin. Hər tərəfdən düşmənlə əhatələnmiş bir məmləkətin övladı belə düşünə bilməz.

Ermənistanla aramızda sərhədlər hələ müəyyənləşməyib. 2020-ci ilin noyabrında imzalanmış razılaşmanın şərtləri yerinə yetirilməyib. Görünən odur ki, ermənilər bütün vasitələrlə havadarlarını ətrafa toplayıb, bundan yayınmaq istəyirlər. Əvəzində Minsk Qrupunun yenidən dirçəldilməsi, hətta Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi niyyətlərini ortaya atırlar. Zəngəzur dəhlizinin açılmasından imtina edirlər. Rusiyanın zəiflədiyini görüb, riyakar Qərbi bizə qarşı körükləyirlər. ABŞ-dan, Fransadan, İrandan sərsəm bəyanatlar yayılır. Son toqquşma BMT tribunasına qaldırılıb müzakirəyə çıxarılır. 30 il qanımızı içəndən sonra yenə erməni müdafiəsi başlanır. Və biz, ayrı-ayrı siyasilərimizin dili ilə özümüzü suçlayırıq. Əvəzində düşmənlər aktivləşir.

Bu gün Laçın dəhlizi fəaliyyətdədirsə, Zəngəzur dəhlizi də açılmalıdır. Zor gücünə olsa belə. Buna qarşı çıxmağa kimsənin haqqı yoxdur. Azərbaycan torpaqları hesabına , düşmənlərimizin himayəsi altında özünə dövlət qurmuş xain ermənilər bunun qarşısını ala bilməzlər. Əks halda sonuncu nəfərə kimi rədd olub Qarabağdan getməlidirlər.

Ürəyimizdə bir azca Vətən sevdası varsa, gəlin bu haqda düşünək.

Bu xəbəri paylaşın: