27 sentyabr Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqının hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi bir gündür. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bu günün qeyd olunmasına start verməsi barədə məlumat vermişdik.
Artıq rayon şöbələri bu gündən etibarən tədbirlər keçirir, şəhid məzarlarını ziyarət edirlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadənin verdiyi məlumata görə rayon şöbəsi 27 Sentyabr Anım günü ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Milli Məclisin üzvü Vüqar İsgəndərli, Səbail rayon Polis şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, YAP Səbail rayon təşkilatının əməkdaşları, 33 saylı şəhər poliklinikasının həkim kollektivi və müharibə veteranları iştirak ediblər.

Tədbirlə bağlı AVMVİB Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə bildirib ki, 27 Sentyabr Anım günü tariximizin şanlı səhifələrindəndir. 44 günlük Vətən müharibəsi adıyla həkk olunan bu tarixi gündə on minlərlə Azərbaycan övladının Vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılması ilə bir millətin qüruru bərpa edildi. Bir Dövlətin ərazi bütövlüyü bərpa edildi. Şəhidlərimizin qisası alındı. AVMVİB Səbail rayon şöbəsi olaraq daim ordumuzla sıx əlaqədə olmağı öz vəzifəmiz hesab edirik. Şəhid ailələri və qazilərimizlə daim əlaqədəyik. Bundan sonra da öz fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik. Qarabağ Azərbaycandır!
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim


