Nizami rayonunda 27 Sentyabr Anım Günü qeyd olunub

Nizami rayonunda Milli Məclisin deputatlarının, qonaqların, şəhid ailələrinin, qazilərin  və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə dəstəyi ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə yeni inşa olunan abidə  kompleksinin önündə rəsmi tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev məlumat verib.

R. Baxşıyev bildirdi ki, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış  «Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında» Sərəncamına əsasən 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Sonra parkın açılışı oldu.

Açılış mərasimində çıxış edərək Vətən müharibəsi qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov və qazi Kamil Duniyev şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib, həmçinin rayon ictimaiyyəti adından abidə kompleksi önünə əklillər və gül dəstələri qoyulub.

Sonda 27 Sentyabr – Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirildi.

Rayonun Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub. Şəhid məzarları üzərinə güllər qoyulub və ruhlarına dualar oxunub.

28 sentyabrda da tədbirlər davam edib. 229 nömrəli məktəbdə Anım tədbiri keçirilib. Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə iştirak etdi. «Altın» sarayda şəhidlərə Nizami rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ehsan verildi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: