Şəhid Məzahir Göyüşovun Anım mərasimi keçirilib

Xocavənd rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında rayonun Tuğ kəndindən olan 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Məzahir Niyaz oğlu Göyüşovun Anım mərasimi keçirilib.

Tədbirdə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədovun, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə müharibə veteranları, şəhid ailələri və şəhidin yaxınları iştirak ediblər.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.

Şəhidin məzarı ziyarət olunub, gül qoyularaq ruhuna dualar oxunub. Sonra şəhid Məzahir Göyüşovun şəhadətinin ikinci ildönümü ilə bağlı ehsan süfrəsi verilib. Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov Cəmiyyət adından şəhid valideynlərinə Fəxri fərman verib və şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd edib ki, şəhidlərimiz unudulmamalıdır. Onların haqqını ödəyə bilməsək də adlarını daim uca tutmalı və onları anmalıyıq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd

Bu xəbəri paylaşın: