İnsanlıq duyğusu, Tanrı haqqına bağlılıq hər bir fərdin xarakterik keyfiyyəti kimi səciyyələnir. Yaşadığımız cəmiyyətdə hökmü və vəzifəsi ilə şöhrət qazananlar deyil, işini-peşəsini ucalığa yüksəldənlər, insanlığa sevgi bəsləyənlər ən ali insanlardı. Bir də ki, yaxşı, sağlam insani ömür yaşamaq, Tanrının bəxş etdiyi missiyadır. Duyğuları zirvəli şairimiz Mikayıl Müşviqin sözü ilə desək:
İstər bəstəkar ol, istər nəqqaş ol,
Şair ol, rəssam ol, heykəltəraş ol.
Yaratdığını şərəflə yarat,
Hamıdan yüksək ol, hamıdan baş ol.
Bəli, ucalıq şərəfli insanların haqq etdiyi zirvədir və nə yaxşı ki, bu gün sıralarımızda belələri var…
Orta məktəblərdə tədris ilinin başa çatmasından sonra yay tətilini ailəmlə birgə rayonda keçirməyi planlaşdırmışdım. Bir az şəhərin qələbəliyindən uzaqda yaşamaq, təbiətin gözəlliyinə qovuşmaq istəyirdik. Rayonda olarkən birdən-birə səhhətimdə problem yarandı. Doğmalarımın təkidi ilə Şəmkir rayon Mərkəzi xəstəxanasının terapiya şöbəsinə müraciət etməli oldum.
Onu deyim ki, burda gördüyüm qayğıkeşliyə paytaxtımızın heç bir tibb müəssisəsində rast gəlməmişəm. Xəstəxanada qeydiyyat şöbəsindən tutmuş, müalicə olunduğum terapiya şöbəsinin adi əməkdaşına qədər hamı tərəfindən xüsusi qayğı ilə əhatələndim. Şöbə müdiri Esmira xanım İsmayılovanın insani keyfiyyətlərindən isə, ürək dolusu xoş danışmaq olar.
Düşünürəm ki, bu onun təkcə həkim peşəsinə və Hippokrat andına bağlı məsələ deyil. Yaradana və onun yaratdıqlarına bağlılığın, sevginin əlamətidir.
Xəstəxanadakı yüksək şəraitdən zənnimcə söz açmağa dəyməz. Çünki belə yüksək xarakterli tibb personalının çalışdığı yerdə məhz könül oxşayan şərait olmalıdır. Xəstəxanada müalicə aldığım iki həftə ərzində Esmira xanım bir dəfə də olsun məni sənədləşmə ilə bağlı sorğu-suala tutmadı.
— Siz pedaqoqsunuz və bizim hamımız sizlərin yetirməsiyik. Qayğınızı çəkmək hamımızın borcudur. Bir də ki, bizim şöbədə davranış qaydaları yalnız insanlıq duyğusu üzərində qurulub. Odur ki, bütün xəstələrə xoş münasibət bəsləməklə, öz peşə borcumuzu yerinə yetiririk. Günlərin necə sovuşduğunu hiss etməmişdim. Sağlamlığım bərpa olunmuş, ağrılarım ötüb keçmişdi. Bu, əlbəttə ki, terapiya şöbəsinin müdiri Esmira xanımın və onun rəhbərlik etdiyi kollektivin xidməti idi. Tibb bacılarından xadimələrə qədər.
Artıq yeni tədris ili başlanıb. Mən öz peşəmin icrası ilə məşğulam. Çoxdan könlümdən keçirdi ki, bir statusumda Esmira xanım İsmayılovaya və terapiya şöbəsinin bütün əməkdaşlarına bir daha minnətdarlığımı çatdırım. Bəzi tibb işçilərinə onlardan öyrənməyi tövsiyyə edim. Var olun, əzizlərim.
Sizlərdən duyduğum insanlıq qayğısı mənim həyat sevgimə qol-qanad verdi. Tanrı sizləri qorusun!
Nümunə İslam qızı Eynullayeva
