Krım körpüsündə partlayış: Putinin ad günü atəşfəşanlığımı, yoxsa…

Xəbər verildiyinə görə Krım körpüsündə partlayış baş verib.

Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

Partlayış nəticəsində körpüyə ciddi zərər dəyib.

Krım körpüsündə törədilən partlayışda, ilkin məlumata görə, üç nəfər ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Hazırda sudan iki nəfərin – qadın və kişinin – meyitləri çıxarılıb, şəxsiyyətləri müəyyənləşdirilir.

Digər bir təsdiqlənməyən versiyada isə Rusiya-Ukrayna savaşı fonunda uzun müddətdir müzakirə olunan və gözlənilən dönüş nöqtəsi baş tutub. Ukrayna ordusu Krım körpüsünü vurub.

Raket körpünün dəmiryol qanadında hərəkət edən neft sisternlərinə dəyib, həmçinin, avtomobillər hərəkət edən xəttin bir hissəsi də çöküb. Bundan öncə isə Rusiya bu körpünün vurulacağı halda, Ukraynaya qarşı taktiki nüvə raketindən istifadə edəcəyini bildirmişdi.

Körpüdə partladıldığı deyilən yük maşını və sahibi də müəyyən olunub. Qeyd olunur ki, sürücü Krasnodar diyarının vətəndaşı olub. Onun yaşadığı yer üzrə araşdırmalara başlanılıb. Həmçinin avtomobilin marşrutu və müvafiq sənədləri də tədqiq olunur.

Körpünü partlatdığı deyilən TIR-ın da yoxlamadan keçirildiyi lakin heç nə aşkarlanmadığı barədə görüntülər sosial mediada paylaşılıb. Həmin görüntülərdə kamikadze yük avtomobilinin yol polisi postunda yoxlanıldığı, lakin heç nə tapılmayaraq hərəkətə davam etdiyi keçdiyi əks olunub. Həmçinin TIR-ın sürücüsünün fotosu da yayılıb. Məlumata görə, həmin sürücü krasnodarlı Boris Yusubovdur.

Olayla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 8-də Krım körpüsündə törədilən partlayışın terror xarakterli olduğunu açıqlayıb.

O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini qınayıb: «Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir».

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Rusiyanın Baş naziri Mixail Mişustin hadisəni araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

Xatırlayırsınızsa, Rusiya başlanğıcda körpünün ciddi mühafizə olunması və möhkəm konstruksiyaya uyğun qurulmasını əsas gətirərək ona ciddi ziyan vurmağın mümkün olmayacağını iddia edirdi. Amma sonralar körpüyə qarşı törədilən təxribata nüvə silahı ilə qarşılıq veriləcəyini bəyan etməyə başladı.

Ukrayna Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov isə Krımı Rusiya ilə birləşdirən körpünün partladılmasından danışarkən Putinin dünən qeyd olunan ad gününə işarə edib.

“Hamı ad günündə belə bahalı hədiyyə almır”, – deyə Danilov qeyd edib.

O, körpünün yandığı anları təbrik mahnısı ilə yan-yana bölüşüb.

Qeyd edək ki, bundan öncə Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak “Twitter” hesabındakı paylaşımında “Krım körpüsünün partlaması başlanğıcdır. Qanunsuz olan hər şey məhv olunmalı, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiya tərəfindən işğal olunmuş hər şey xaric edilməlidir”, – deyə bildirmişdi.

Hazırda Rusiya kğrpüdə fəaliyyətin bərpa olunduğunu yazıb. Faktı Krım işğalçı rejiminin başçısı Sergey Aksyonov təsdiqləyərək, Krım körpüsü ilə avtomobillərin və avtobusların hərəkətinin bərpa olunduğunu açıqlayıb.

Fədai Araşdırma Qrupu

Bu xəbəri paylaşın: