Jurnalist xalqımızı və Hacıbaba Əzimovu təbrik etdi

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31-ci ili tamam olur.

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.

Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Bu günün altında imzası olan tarixi şəxsiyyəti bu gün xatırlamaq və ona cansağlığı arzulamaq isə kimsənin yadına düşmür. O şəxsiyyət görkəmli ictimai-siyasi xadim Hacıbaba Sadıq oğlu Əzimovdur (1 avqust 1938, Lənkəran) — Azərbaycan tarixşünası, ictimai-siyasi xadimi, tarix elmləri doktoru (1981), professor (1982), Azərbaycan Respublikasının xalq deputatı (1990); Azərbaycan Respublikası Ali Sovetinin üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri (1992-ci ildən indiyədək).

Bu böyük gün münasibətiylə xalqımızı və Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi Hacıbaba Əzimovu bu gün münasibətiylə təbrik edir və tarixləşən alimimizə Allahdan cansağlığı arzulayır və bayramını təbrik edirik.

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: