Qırx ildən artıq namusunu qorumağa çalışdığım Sözümdən utandım…

ELBARİZ MƏMMƏDLİ

Nizaminin, Füzulinin, Nəsiminin, Mirzə Fətəlinin, Sabirin, Mirzə Cəlilin, Hadinin, Cavidin, Əhməd Cavadın, Müşviqin və. s ruhundan utandım. Qırx ildən artıq haqqı yazmağa çalışdığım qələmimdən, özümdən, duyğularıma könül verən dostlardan, qurultay kürsüsündən amansızlıqla səsi kəsilən gənclərdən utandım…

Deməli, ədəbiyyat, ədəbi mühit, ədəbi düşüncə və əxlaq buymuş. Çox təəssüf! Yəni biz, hələ feodal dövrünün qanunları iləmi yaşayırıq? Yəni, Azərbaycan yazıçısı, şairi, tənqidçisi, dramaturqu hələ dünyanı dərkə üz tutmaq düşüncəsində deyilmi?

Doğrusu, qurultayda nədən və niyə danışıldığının fərqinə vara bilmədim. Çixişçilar bir-birini öyməklə sədarət kürsüsünə elə pərçimlənmişdilər ki, Sabir Rüstəmxanlının nisbətən fərqli görünən çıxışı belə onları doğruları danışmağa yönəldə bilmədi. Hətta bəzilərinin söyləmələrindən aydın oldu ki, Qarabağı şair, yazıçılarımızın söz qılıncı ilə almışıq. (?) Sıldırım qayaları düzünə dırmaşıb, Şuşanı fəth edən oğulların yarağı sözüymüş. Utandım! Şəhid və qazi ata-analarından utandım….

Mən, Anarın sədr seçilməyinə, onun yazıçı nüfuz və təfəkkürünə heç bir fikir bildirməyəcəyəm. Əgər bir adam 30 il nazir, deputat kürsüsündə lövbər salıb oturursa, Anarın oturmasında da heç bir qəbahət görmürəm. Bunlar artıq müasir dünya ilə ayaqlaşmaq imkanını itirmiş klassik Şərq təfəkkürünün əlamətləridir. Amma məsələ bunda deyil. Qurultay nümayəndələri sırasında ha çalışdım 15-20 nəfərdən artıq tanınan ada rast gəlmədim. Özüm bu təşkilata qəbul ediləndə , üzvlərin sayı hardasa 500 nəfərə yaxın idi. İndi 2 mindən yuxarıdır. Və heç nə dəyişməyib. Əksinə, ədəbi düşüncə ədəbiyyata deyil, ondan qazanc əldə etmək meyllərinə köklənib. Burda təpər, qürur, istedad filan hərrəyən yoxdu. Beş-üç adı süni şəkildə qabardır, arxada öz işlərini görür, çəkişmələrini dərinləşdirirlər. Belə halda adamın fikrinə gəlir ki, bunlar Cavidin, Ə. Cavadın, Müşviqin, Sanılının, Mümtazın üzünə duranların,kürsüdə Mehdi Hüseynin ürəyini partladanların varisləridirlər.

Yazıçılar Birliyini başında vaxtilə M. Hüseyn, M.İbrahimov, İ. Şıxlı kimi kişilər də oturublar. Amma onlar heç vaxt gənc nəsillə öz aralarına çəpər çəkib Birliyi intriqabazların əlinə verməyiblər. Düşünmək olar ki, sovetlərin yaratmış olduğu və bu gün də onların ənənəsi ilə yaşayan qurumların artıq tarixin arxivinə verilmə vaxtı çatıb. Ən azı bu xalq heç vaxt onun olmayan Xalq yazıçı və şairlərindən, artistlərindən qurtulmuş olar, dəyərinə və dəyərlisinə qiyməti özü verərdi. Son qurultay bunun əyani sübutunu ortaya qoydu. Yaxşı ki, 30-cu illər deyil. Olsaydı, ədəbi gəncliyin üsyan bayrağı olan Emil Rasimoğlu və Fuad Cəfərlinin başı çoxdan alınmışdı. Guya qurultayda onlara söz verilməsi nəyi dəyişdirəcəkdi ki? Artıq qarı məsələsini həll etmişdilər. Hələ səsvermədən öncə bir-birini təbrik edib, çəpik çalanlar çoxluq təşkil edirdi.

İki gəncdən qorxub çəkinməyə əsas qalmamışdı. Utandım! Qırx ildən artıq namusunu qorumağa çalışdığım Sözümdən utandım…

Bu xəbəri paylaşın: