Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupu Azərbaycanda veteranlara və şəhid ailələrinə yardımlarını davam etdirib. Bu dəfə soydaşlarımız Gədəbəy rayonunda Söyüdlü və Ərtəpə kəndlərində 10 şəhid və qazi ailəsinə 1 kisə un olmaqla müxtəlif ərzaq məhsullarından ibarət yardımlar ediblər.
Bu barədə Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü Cavid Nəzərov məlumat verib.



Adı çəkilən qrupun dəstəyi ilə şəhid ailələrinə, qazilərə yardımlar göstərir və şəhid adlarının əbədiləşdirilməsi üçün tikilən abidə komplekslərinə dəfələrlə dəstək olmaları barədə dəfələrlə məlumatlar vermişik.
Xatırladaq ki, Norilskdə yaşayan vətənpərvər soydaşlarımız əvvəllər bu kəndlərdə su xəttinin çəkilişinə dəstək olublar.
Cavid Nəzərov bildirib ki, bu işlərdə Birinci Qarabağ müharibəsi veteranları Vilayət, Etibar, Azər, Elnur və Zakir köməklik etmişdilər.
Qəlbləri ölkəmizlə, döyüşçülərlə birgə vuran bu xeyirxah qrupun bütün üzvlərinə öz minnətdarlığımızı bildirir və işlərində uğurlar arzulayırıq.
Nurlan Məmmədli


