Noyabrın 3-də Göygöl rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Sonra Göygöl Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər qoyulub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP-ın yaranma və inkişaf tarixindən bəhs ediblər.
Tədbirdə həmçinin Göygöl Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri Sərdar Balayev, Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədri Ofelya Rəhimova çıxış edərək qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası daim tutduğu yola, fəaliyyəti üçün seçdiyi prinsiplərə sadiq olub, Partiyamızın Sədri, Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, partiyanın əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır.
Nurlan Məmmədli

