AVMVİB İdarə Heyəti bəyanat yaydı

Son vaxtlar ölkəmizə qarşı təxribata cəhdlərin artmasını narahatçılıqla qarşılayan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyəti bəyanat yayıb.

Bəyanatda deyilir:

Qəhrəman DTX əməkdaşlarımızın ayıqlığı sayəsində İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilməsi xəbər verilib.

Məlumatda deyilirdi ki, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.

DTX-nin bu addımını köhnə döyüşçülər alqışlayır və bu Vətənin çörəyini yeyib, suyunu içib və havasını udub düşmən ölkələrə kolonluq, cəsusluq edənlərin hamısı aşkarlanmalıdır. Ölkəmizin düşmən əhatəsində olduğunu bilən və döyüş meydanında bu xəyanətləri əyani görmüş döyüşçülərimiz daha diqqətli olmalı, bu işi ümumxalq işinə çevirməliyik. Vətənimizin maraqlarını yad dövlətlərə, terrorçu təşkilatlara satanların layiq olduqları cəzaya çatdırılmasında fəal olmalıyıq.

Öz çirkin və iyrənc ambisiyalarına görə ölkəmizin maraqlarını ayaqları altına qoyanlara bu ölkəni dar etməyin zamanıdır. Çünki Azərbaycan öz tarixinin məsuliyyətli bir dövrünə qədəm qoyub. Yeni dünya düzənində öz yerimizi tutmaq, daxildə başladığımız antiterror əməliyyatlarını tam qələbəyədək yürütmək və ölkəmizin əldə etdiyi siyasi stabilliyi qorumaq hər bir vətəndaşımızın borcu olmalıdır. Bizim özgə bir Azərbaycanımız yoxdur. Düşmən qoltuğuna sığınıb özlərini satlığa çıxaranlar bizim düşmənlərimizdir.

İnanırıq ki, qüdrətli Azərbaycan Dövləti bu xainlərin də öhdəsindən gələcəkdir və bu xainlər önündə ilk görəcəkləri şəxslər elə biz döyüşçülər olacağıq. Vətənimizə uzanan əllər və dillər kəsilməlidir! Qanı təmiz olanlar Dövlətimizin yanında yer almalıdırlar!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyəti

Bu xəbəri paylaşın: