Binəqədi rayonunda 8 Noyabr- Zəfər Günü tədbiri keçirilib

Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 8 Noyabr- Zəfər Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi Rayon şöbəsinin birgə təşkilatçılığı ilə tədbir təşkil olundu.

Görüşdə Binəqədi RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak edib.

Tədbir iştirakçıları öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Çıxış edənlər qeyd etdilər ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq… Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Tədbirdə çıxış edən natiqlər xalqımızın bir yumuruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışıblar.Çıxış edənlər, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.

Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş olundu, şeir və mahnılar səsləndi.

Sonda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən bir qrup şəxs fəxri fərmanla təltif edildi.

Bu xəbəri paylaşın: