Xocavənddə şəhidin anım günü keçirilib

Noyabrın 9-da Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Qaradağlı kənd sakini Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun anım günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti  yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra  canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, AVMVİB sədrinin müşaviri Hamlet Gülməmmədov da iştirak ediblər..

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və Qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirib.

Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirib. Başçı Elzamin kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırıb.

27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılıb. 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Subay idi.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: