Noyabrın 11-də Ermənistanın baş naziri İctimai Televiziyaya üç saatlıq müsahibə verib, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demilitarizasiyası ilə bağlı təkliflər, sülh sazişinin variantları, Ermənistan-Türkiyə münasibətləri və rus sülhməramlıları tərəfindən verilən təminatlar barədə danışıb.
Əsas ifadələri sizin üçün işıqlandırdıq
Sərhəd
Dördtərəfli Praqa bəyanatında Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisində olması və onların bu ərazini tərk etməsinin zəruriliyi ilə bağlı aydın ifadənin olmamasının səbəbləri barədə suala Nikol Paşinyan belə cavab verib:
“Əgər biz 1991-ci il sərhədini qarşılıqlı olaraq tanısaq, Azərbaycanın bizim ərazilərimizi işğal etdiyi qeydə alınacaq. Bu sərhədin haradan keçdiyini bütün dünya bilir. Əgər o [sərhədi] tanıyırsa, o zaman bu əraziləri tərk etməlidir, xüsusən də sonrakı müzakirələrdə sərhədlərin delimitasiyası bu əsasda aparılmalı olduğu qeyd edilib”.
Hökumət başçısının sözlərinə görə, Aİ-nin monitorinq missiyasının səfəri bu kontekstdə baş tutub: əgər sərhədin mövcudluğu müəyyən edilməsəydi, missiya yerləşdirilməzdi.
Demilitarizasiya
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycana sərhədin demilitarizasiyasını təklif edib.
“2020-ci ildə olduğu kimi eyni təklifi vermişik. Bu dəfə daha ətraflı. Əgər biz 1991-ci il sərhədini tanıyırıqsa və indi Praqada və Soçidə qeydə alındığı kimi, tanıyırıqsa, qoşunları qarşılıqlı surətdə oradan çıxarmalıyıq. Yəni Ermənistanın Azərbaycan kimi sərhədin o tayında qoşunları olmamalıdır. Biz üç kilometrlik hərbisizləşdirilmiş zona yaratmağı təklif edirik. Bu o deməkdir ki, ordu hissələri bu üç kilometrlik zonadan tamamilə çıxarılmalı, bu ərazinin mühafizəsi Ermənistan və Azərbaycanın sərhəd qoşunlarına verilməlidir”.
Monitorinq
“Sərhəddə beynəlxalq monitorinq aparılmalıdır. Qoşunlar çıxarılarsa — o cümlədən bizim tərəfdən — müdafiə xətti, əslində, pozulur. Əgər biz təminat yaratmasaq, deyək ki, bu gün hamımız geri çəkiləcəyik, sabahkı gün Azərbaycan sözün əsl mənasında hücum etməyəcək, belə çıxır ki, biz onsuz da zəif olan təhlükəsizlik sistemimizi daha da həssas edirik”.
İrəvan monitorinqin Rusiya tərəfindən aparılmasını təklif edib. Azərbaycan üçün bu, qəbuledilməz idi. Baş nazirin sözlərinə görə, Ermənistan Rusiyanın, KTMT-nin, ATƏT-in, BMT Təhlükəsizlik Şurasının və ya Aİ-nin monitorinqdə iştirak etməsi ilə razılaşır.
Bununla belə, monitorinq beynəlxalq səviyyəli olmalıdır.
Sülh müqaviləsi
Nikol Paşinyana görə, 2022-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimalı varmı?
“Sülh müqaviləsi üçün bir neçə variant var. Məsələn, münasibətlərin ümumi diapazonunu əks etdirən və bütün mümkün məsələləri həll etməyən müqavilənin imzalanması variantı var. Əgər Azərbaycan bu varianta uyğun hərəkət etməyi məqbul hesab etsə, biz bunu edə bilərik”.
Delimitasiya
Ola bilsin ki, Ermənistanın əraziləri faktiki olaraq işğal olunduğu bir şəraitdə Azərbaycan sülh müqaviləsi imzalanandan sonra ona ərazi iddialarını davam etdirəcək. Odur ki, sülh müqaviləsi qüvvəyə minənədək delimitasiya prosesi başa çatmalıdır.
“Ona görə də deyirik ki, sərhədləri dəqiqləşdirmək lazımdır. İndi biz Alma-Ata Bəyannaməsinin məzmununa istinad edərək bu istiqamətdə bir addım atdıq. Növbəti addımları da atmalıyıq”.
Vaşinqtonda keçirilən görüşdə Ermənistan nümayəndə heyəti Azərbaycanın onları müzakirə edəcəyi və konstruktiv cavab verəcəyi ümidi ilə sülh müqaviləsinin mətni ilə bağlı bəzi təkliflərlə çıxış edib.
Türkiyə
Ermənistan-Türkiyə münasibətlərinin mümkün həllinin ilkin şərt olmadan baş tutması barədə bəyanata baxmayaraq, Türkiyə tərəfi daim Azərbaycandan danışır.
“Vurğulamaq çox vacibdir ki, [Türkiyə prezidenti ilə] telefon danışığı zamanı və görüşdə verdiyimiz bəyanatlar bir araya sığmır. Bu o demək deyil ki, nə biz, nə də Türkiyə danışıqlar masası arxasında hansısa mövqedən geri çəkilmişik.
Ardıcıl iş, siyasi iradə və istəklə bu mövqeləri müqayisə etmək olar ki, bu da münasibətlərin qurulması deməkdir”, — Paşinyan bildirib.
Sülhməramlılar
Baş nazir bildirib ki, Ermənistan Rusiyanın sülhməramlı missiyasının Dağlıq Qarabağda qalma müddətinin avtomatik uzadılmasını imzalamağa hazırdır.
“Qeyd edilir ki, sülhməramlılar Dağlıq Qarabağda dinc əhali arasında qırğınların qarşısının alınması üçün yerləşdirilir. Nəzəri cəhətdən Rusiya oradan qüvvələrini çıxarmaq istəsə və ya qərar versə belə, bu missiya üçün əlavə təminatlar yaratmalıdır. Sülhməramlıların oraya gəlməsinə səbəb olan bu təhlükə aradan qaldırılmasa, Rusiyanın bundan imtina edəcəyi təqdirdə beynəlxalq mexanizmlər orada sülhməramlıların yerləşdirilməsi yollarını tapacaq”.
Sülh müqaviləsinin “Rusiya variantı”nın gündəmdə olub-olmaması ilə bağlı suala Paşinyan belə cavab verib: “Biz dedik: bu variant bizim üçün məqbuldur. Bu mövzu Rusiya Federasiyası Prezidentinin Valday klubunda verdiyi bəyanatdan sonra açıqlanıb. Ona görə də sualınızı Rusiyaya yönləndirəcəyəm, qoy açıq şəkildə cavablandırsınlar”.
Bakı- Xankəndi (Stepanakert)
Əgər 1998-ci ildə Xankəndi danışıqlar prosesindən kənarda qalmasaydı, Dağlıq Qarabağ məsələsi çoxdan həll olunacaqdı, deyən Paşinyan: “Dağlıq Qarabağla Azərbaycan arasında dialoq olmalıdır, danışıqlar lazımdır”.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllində və yerli ermənilərin hüquqlarının müdafiəsində əsas danışıqlar aparan tərəf məhz «Artsax» olmalıdır.
“Dağlıq Qarabağın nümayəndələri danışıqların bir hissəsi olmalıdır. Bu, qarabağlı soydaşlarımızın hüquqlarını qorumağın ən yaxşı yoludur. Biz bütün danışıqlarda bu mövqeyi müdafiə edirik”.
Mənbə: epress.am
Nurlan Məmmədli
