Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupu Azərbaycanda veteranlara və şəhid ailələrinə yardımlarını davam etdirib.
Bu dəfə bu xeyirxah insanların sorağı Beyləqan və Xocavənd rayonlarından gəlib.
Doğma Azərbaycanımızın hər güşəsini qarış-qarış gəzib ehtiyacı olan şəhid ailələri və döyüşçülərə öz imkanları daxilində yardımlar göstərən qrupun üzvlərinə və bu işləri reallaşdıran qrup üzvü, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü Cavid Nəzərov daim öndədir. Yəqin ki, arxa cəbhə ilə bağlı Müdafiə Nazirliyinin təsis etdiyi medal bu yolda yürüyənlərə də şamil olunacaq və bu soydaşlarımıza da təqdim ediləcək. Hərçənd ki, onlar bu işləri mükafat gözləmədən həyata keçirirlər.
Beyləqan rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bildirib ki, Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupu rayonumuzda dəfələrlə olublar. Az təminatlı ailələrə yardımlar göstərib, Füzuli rayonunda Şəhid Bulağının tikintisinə dəstək olublar. Bu gün də Beyləqan və Xocavənd rayonlarında yaşayan 10 nəfərə ərzaq payları gətiriblər. Rayon veteranları adından Rusiyada yaşayan vətənpərvər soydaşlarımıza öz minnətdarlığımızı bildiririk.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov da öz çıxışında Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupuna rayon veteranları adından minnətdarlıq edib. Bildirib ki, Cavid Nəzərovun simasında orada yaşayan soydaşlarımızın daim yanımızda olduğunu gördük. İstər müharibə getdiyi günlərdə, istərsə də müharibədən sonrakı dövrlərdə bu qrupun üzvləri daim örnək addımlarıyla seçiliblər. Bir daha hər bir qrup üzvünə ayrı-ayrılıqda təşəkkür edirəm.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədr müavini Məmməd Məmmədov da çıxış edərək veteranlar adından öz minnətdarlığını bildirib. Dəfələrlə Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupu Beyləqan, Füzuli və Xocavənd rayonlarında olublar. Bu gün də öz xeyirxah işlərini davam etdirərək daha 10 nəfər döyüşçü ailəsinə öz yardımlarını gətiriblər.
Xatırladaq ki, bu qrupun üzvləri ən son Biləsuvar və Gəncə şəhərlərində olublar.
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan
