1802-сi ildə Rusiya imperiyasının ordusu Azərbaycan xanlıqlarına qarşı hücuma keçir.
Gəncə xanlığı, əlverişli coğrafi mövqeyinə görə “şimal xanlıqlarının açarı” hesab edilirdi və bu səbəbdən, Rusiya imperiyasının marağını doğururdu. Gəncənin ələ keçirilməsi gürcü əsilli general knyaz Pavel Sisianova tapşırılmışdı.
Sisianov Gəncəyə hücümü tez başlamağa çalışırdı, çünki o bilirdi ki, Cavad xan rus himayədarlığı haqqında düşünmür və müdafiəyə hazırlaşır. Cavad xan rus qoşunlarının Gəncəyə hücüm edəcəyini bilirdi. Bu səbəbdən, o mövqelərini möhkəmləndirmiş, ermənilərin Rusiyaya rəğbətini bildiyindən onları sərhəddən uzaqlaşdırmışdı.
Gəncəyə yürüş üçün 6 batalyon və 3 eskadrondan ibarət dəstə təşkil edilmişdir. 22 noyabr Gəncə xanlığı üzərinə yürüş başlanır. Noyabrın 29-u Sisianov qoşunları ilə indiki Şəmkir ərazisinə çatır və Cavad xana xəbər göndərir, ondan Gəncə qalasını verməyi tələb edir. O, bu tələbini Gəncənin çariça Tamara dövründə Gürcüstana aid olduğunu və gürcü çarlarının zəifliyi dövründə alındığını, Cavad xanın 6 il əvvəl Rusiya təbəəsi olduğunu və xanın adamlarının qarət etdikləri Tiflis tacirləri onun tərəfindən razı salınmadıqları ilə əsaslandırır.
Cavad xan da Sisianova məktub yazır və orada bu tarixi iddiaları rədd edir. O, yazır: “… Əgər mən desəm ki, mənim babalarım Gürcüstanda vali olub, heç kəs bu sözlərimi qəbul etməz və mənə hörmətindən Gürcüstanı qaytarmaz…Sən həm də yazmışdın ki, mən guya əvvəl tabəlikdə olmuşam, ancaq sənə məlum olsun ki, mənim əlimdə sənin padşahının reskripti var. Bax gör, mən orada Gəncə bəylərbəyi və ya Gürcüstan vassalı adlandırılmışammı? Bundan görünür ki, sənin sözlərin yalandı…Döyüşmək istəyirsənsə, o zaman döyüşəcəyik“.
Xanın cavabı Sisianovun gözləntilərini doğrultmur və o qoşunları ilə, 1803-cü ilin qışında Gəncəyə yaxınlaşır. Gəncə xanlığı və rus ordusunun ilk toqquşması şəhərdən 3 km aralıqda yerləşən, “Quru-Qobu” adlanan ərazidə baş verir. Daha sonra 2 dekabr 1803-cü ildə Bağbanlar məhəlləsi yanında toqquşma baş verir. Gəncəlilərin müqavimətinə baxmayaraq, onlar tərəfdən vuruşan 300 erməni təslim olur. Ruslar tərəfdən 7 rus zabiti həlak olur, 30-u isə yaralanır.
Müqavimət gözləməyən rus qoşunları, bu döyüşdən sonra bir ay ərzində heç bir hücüma keçmədən, qalanın mühasirəsi ilə kifayətlənirlər.
Böyük itkilərə və hərbi təchizat çatışmazlığına, xəstəliklərin yayılmasına baxmayaraq, Cavad xan təslim olmur. O, Sisianovun Gəncənin təslim olması ilə bağlı bütün məktublarını rədd edir. Sisianov yazırdı: “Şəhəri alacam…“. Cavad xan isə cavab olaraq deyirdi: “Məni qala divarının üstündə ölü tapacaqsınız, bu baş verərsə”.
3 yanvar 1804-cü ildə Gəncə qalasına basqın edilir. Müqavimətə baxmayaraq, bu dəfə Sisianov şəhərə girə bildi. Ruslar tərəfdən 250-dən çox yaralı və ölü var idi. Bu döyüşdə Cavad xan, onun oğlu Hüseyn-qulu bəy və 1500-dən çox sakin həlak olmuşdur. 8585 kişi və 8639 qadın əsir götürülmüşdür.