Müstəqillik dövründə Azərbaycanın ən böyük büdcəsi – Mənfəət vergisi ƏDV-ni üstələdi…

Aparılan hesablamalar göstərir ki, cari ildə Azərbaycanın büdcə gəlirləri 30 milyard 774 milyon manat, xərcləri 33 milyard 353 milyon manat olacaq. Ötən 2022-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə gəlirlər 5.4 faiz, xərclər 3.2 faiz artır. 2023-cü il büdcəsi müstəqillik dönəminin ən böyük büdcəsi hesab edilir.

Büdcənin ən böyük gəlir qaynağı Dövlət Neft Fondudur. Bu il fonddan büdcəyə gəlirlərin 36.7 faizinin — 11 milyard 280 milyon manatın transferi proqnozlaşdırılır. Onu da qeyd edək ki, Neft Fondundan büdcəyə proqnozlaşdırılan transferin həcmi nisbətən azaldılıb. 2022-ci il büdcəsində bu göstərici indikindən 238 milyon manat çox — 11 milyard 518 milyon manat idi. 2023-cü ilin dövlət büdcəsində ikinci ən böyük gəlir qaynağı hüquqi şəxslərin mənfəət vergisidir. Proqnoza görə, il ərzində bu vergi növü üzrə büdcəyə 6 milyard 417 milyon manat daxil olmalıdır. Bu, bütün büdcə gəlirlərinin 20.9 faizi deməkdir.  Bu vergi növü ilə bağlı diqqətçəkən bir məqam da hüquqi şəxslərdən mənfəət vergiləri üzrə daxilolmalardır. Həmin daxilolmalarla bağlı proqnozlar 2022-ci illə müqayisədə ciddi ölçüdə artıb. Ötən il bu qaynaqdan büdcəyə cəmi 5 milyard 290 milyon manatın daxil olması gözlənilirdi, amma bu il hüquqi şəxslərdən büdcəyə 1 milyard 127 milyon manat və ya 21.3 faiz daha çox mənfəət vergisi ödənilməsi proqnozlaşdırılır. Mənfəət vergisi üzrə proqnozların belə artması hesabına bu istiqamət büdcənin ən çox gəlir proqnozlaşdırılan ikinci istiqamətinə çevrilib. Ötən ilin büdcəsində Neft Fondunun transferlərindən sonra ən çox gəlir əlavə dəyər vergisi üzrə proqnozlaşdırılırdı. 2023-cü ilin büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz məbləği 1 milyard 680 milyon manatdır. Keçən il bu rəqəm 1 milyard 485 milyon manat idi. Beləliklə, bu il hökumət gəlir vergisi üzrə daxilolmaların 13 faiz artacağını proqnozlaşdırıb. 2023-cü ilin dövlət büdcəsində üçüncü ən böyük gəlir qaynağı əlavə dəyər vergisidir (ƏDV). İl ərzində bu vergi növü üzrə dövlət büdcəsinə 6 milyard 42 milyon manatın daxil olması nəzərdə tutulur. Bu, toplam büdcə gəlirlərinin 19.6 faizi deməkdir.  Nəzərə almaq lazımdır ki, bu vergi növü dolayı vergi sayılır, çünki məhsulun qiymətinə əlavə edilir və bu verginin ödəyicisi istehlakçılar olur. O da unudulmamalıdır ki, ötən il inflyasiyanın kəskinləşməsi bu verginin yığımlarını da artırıb. Axı ƏDV, qeyd edilən kimi, məhsulun qiymətinə əlavə edilir. Bu baxımdan, məhsulun qiyməti artdıqca, ona hesablanan ƏDV də artır. Bilindiyi kimi, ƏDV-nin azaldılması və ya dondurulması hökumətlərin qiymət artımları ilə mübarizədə yararlandığı başlıca alətlərdən biridir. Dövlət büdcəsi gəlirlərinin formalaşmasında növbəti ən böyük pay  aksizlər üzrə daxilolmalardır. Aksiz  aksizli malların satış qiymətinə daxil edilən dolayı, yəni istehlak vergi növüdür. Azərbaycanda aksizli mallara bunlar aid edilir: 1. İçməli spirt, pivə və spirtli içkilərin bütün növləri; 2. Tütün məmulatları; 3. Neft məhsulları; 4. Minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr; 5. İdxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz; 6. İdxal olunan xəz-dəri məmulatları. 2023-cü ildə Azərbaycan büdcəsinə aksizlər hesabına toplam 1 milyard 378 milyon manatın daxil olması proqnozlaşdırılır. Bu, büdcə gəlirlərinin 4.5 faizi deməkdir. Ötən illə müqayisədə 2023-cü ildə aksizlər üzrə daxilolmaların həcmi 100 milyon manat daha çox olacaq. 2023-cü ildə gömrük rüsumları hesabına büdcəyə daxil olması gözlənilən vəsaitin həcmi 1 milyard 348 milyard manatdır. Bu, toplam büdcə gəlirlərinin təxminən 4.4 faizidir. Gömrük rüsumları üzrə proqnoz ötən illə müqayisədə cəmi 48 milyon manat artırılıb. Büdcə gəlirlərinin formalaşmasında nisbətən iri paya sahib istiqamətlərdən biri də büdcə qurumlarının ödənişli xidmətlərdir. 2023-cü ildə bu istiqamətdə büdcəyə 726 milyon 500 min manatın daxil olması gözlənilir. Proqnozlaşdırılır ki, daha 272 milyon manat da büdcəyə dövlət rüsumları hesabına qazandırılacaq.

Azərbaycanın dövlət büdcəsinin başlıca xərc istiqaməti adətən tikinti xərcləridir. 2006-cı ildən bəri həmin xərclər büdcədə ən böyük xərc maddəsi olaraq qalmağa davam edir. 2023-cü ildə tikinti və şəhərsalma işlərinə büdcədən toplam 5 milyard 652 milyon manatın sərf edilməsi nəzərdə tutulur. Bu, büdcənin toplam xərclərinin təxminən 17 faizidir. Bu vəsaitin 2 milyard 650 milyon manatı dövlət əsaslı vəsait qoyuluşuna, yəni investisiya xərclərinə, 3 milyard manatı isə işğaldan qurtarılmış ərazilərin bərpasına yönəldiləcək. 2023-cü ilin büdcəsində tikinti və şəhərsalma ilə bağlı nəzərdə tutulan ayırmalar 2022-ci ilin proqnoz göstəricisindən azdır. O vaxt bu istiqamət üzrə 5 milyard 972 milyon manatın – indikindən 320 milyon manat çoxun xərclənməsi nəzərdə tutulmuşdu. Ancaq unutmaq olmaz ki, ötən ilin ortasında enerji qiymətləri hökumətin gözlədiyindən daha artıq olduğundan il ortası büdcədə dəyişiklik edilmişdi. Məhz həmin dəyişikliklərdən sonra tikinti xərcləri bir qədər də artırılmışdı. 2022-ci ilin əvvəlində büdcədən tikinti məqsədilə ayrılan xərclər 4 milyard 992 milyon manat idi. Bu baxımdan, enerji qiymətləri gözləniləni aşsa, bu il də tikinti xərclərinin bir qədər artırılması mümkündür. 2023-cü ilin büdcəsi hesablanarkən neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb. Dövlət büdcəsində tikinti və şəhərsalma xərclərindən sonra ən çox vəsait müdafiə və milli təhlükəsizlik istiqamətinə ayrılıb. 2023-cü ilin dövlət büdcəsindən bu istiqamətdə 5 milyard 331 milyon manatın xərclənməsi proqnozlaşdırılır. 2022-ci il büdcəsində həmin rəqəm 5 milyard 84 milyon manat idi. Deməli, bu il müdafiə və milli təhlükəsizliklə bağlı xərclər təxminən 5 faiz daha yüksəkdir. 2023-cü il büdcəsi xərclərinin təxminən 16 faizi müdafiə və milli təhlükəsizliklə bağlı olacaq. 2023-cü ilin dövlət büdcəsində ən çox yer tutan üçüncü istiqamət təhsildir. İl ərzində büdcədən təhsil istiqamətinə toplam 4 milyard 423 milyon manatın xərclənməsi proqnozlaşdırılır. Bu, dövlət büdcəsinin xərc istiqamətinin 13 faizi deməkdir. Təhsil istiqamətindəki xərclərlə bağlı diqqətçəkən əsas məqam 2022-ci ilə nisbətdə ciddi artımın baş verməsidir. Belə ki, 2022-ci ilin dövlət büdcəsində təhsil istiqamətinə 3 milyard 887 milyon manat ayrılmışdı. Deməli, builki büdcədə təhsil xərcləri 14 faiz çox proqnozlaşdırılıb. 2023-cü ilin dövlət büdcəsində ən çox vəsait nəzərdə tutulan dördüncü istiqamət sosial müdafiə və sosial təminatdır. İl ərzində büdcədən bu istiqamətə toplam 4 milyard 416 milyon manatın xərclənməsi proqnozlaşdırılır. Bu, büdcənin bütün xərclərinin 13 faizi deməkdir. Bütövlükdə 2023-cü il büdcəsinin toplam xərclərinin təxminən 60 faizi yalnız bu dörd istiqamətdə xərclənəcək. Bu il sosial xərclərlə bağlı büdcədən ayrılan vəsait 2022-ci illə müqayisədə təxminən 700 milyon manat və ya 18 faiz çoxdur. Minimum əməkhaqqı və ya minimum pensiyanın, eləcə də digər müavinətlərin artırılmasına dair qərarın icrası da məhz ayrılan bu vəsaitin hesabına həyata keçəcək. baki-xeber.

Bu xəbəri paylaşın: