Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan durmadan çalışır

Müşfiq Əliyev
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi 
XƏZƏR RAYON SAKİNİ

Sirr deyil ki, Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Bu dəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna cənab Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyev yanvar ayının 17-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərə gəlib. Bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

 Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Bütün ölkələrin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub. İstehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Bu da öz növbəsində iqtisadi qüdrəti artıran amillərdəndir. Dəmir yol şəbəkəsi inkişaf olunmalıdır. Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Təchizatın artan dinamikası mövcuddur. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri — Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Keçən ilin dekabr ayında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi, çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər hər birimizdə fəxarət hissi yaradır. Bəli, bu reallıqdır və dünya Azərbaycan reallıqlarını qəbul edir. Burada ikitərəfli və çoxtərəfli münasibətlər ən vacib şərtlərdəndir. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərini düzgün müəyyənləşdirməsi, dünyanın ayrı-ayrı dövlətləri ilə yaratdığı əlaqələrin, beynəlxalq təşkilatlarla, bu qurumlara üzv olan dövlətlərlə əməkdaşlığın uğurlu nəticələri ölkəmizi dünya birliyi müstəvisində söz və nüfuz sahibi edib. Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətin demokratik dəyərlərlə idarə olunmasına, xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

Bu xəbəri paylaşın: