AVMVİB sədri Füzuli Rzaquliyev: «Erməniməramlı rus qoşunları Azərbaycanı tərk etməlidir»

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Lakin qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar olub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev baş verənlərlə bağlı bildirmişdir ki, bu hadisə gözlənilən idi və gələcəkdə də təkrar olunacağı istisna edilmir. Çünki nə qədər ki, Azərbaycan torpaqlarında erməniməramlı Rusiya silahlı qüvvələri var, o qədər də analoji hadisənin gələcəkdə də baş verməyəcəyinə təminat yoxdur. İşğaldan azad edilmiş torpaqlar bizim qanuni, əbədi, əzəli torpaqlardır. Onsuz da 114 min kv. km ərazidən qala-qala bu torpaqlar qaldı, indi bu quldurlar yenə də torpaq davası edirlər.
Açıq-aydın görünür ki, Azərbaycana sülhün təminatçısı kimi yerləşdirilmiş Rusiya qoşunları heç də təyinatlarına uyğun fəaliyyət göstərmirlər. Onların məqsədi erməni quldur dəstələrinə silah-sursat göndərmək, mütəmadi hərbi məqsədli daşınmaları həyata keçirməkdir.
Bir çox faktlar deməyə əsas verir ki, Rusiya orada sülhün yox, şərin möhkəmlənməsinə çalışır. Məsələn, Laçından çıxarılan minalar 2021-ci ilin istehsalı idi. Bu onu göstərir ki, 2020-ci il Bəyannaməsindən sonra da erməni hərbi-siyasi rejiminin niyyəti dəyişməyib.
F.Rzaquliyev onu da bildirmişdir ki, 10 noyabr kapitulyasiyasından sonra erməni tərəfi Zəngəzur dəhlizi ilə bağlı nəinki üzərinə düşən öhdəliklərə əməl etmir, hətta həyasızcasına rus qüvvələrinə arxalanaraq bizim qalib əsgərlərimizə namərdcəsinə atəş açmaq gücünü də özlərində tapırlar. «Onlara bu imkanı tanıdan isə Rusiya qoşunlarının sülhə deyil, erməni məramına xidmət edən komandanlığıdır. Buna görə də Erməniməramlı rus qoşunları Azərbaycanı dərhal tərk etməlidir, İvanlara «idi domoy» deməyin vaxtı çatıb. Bu işin bir yolu da var, o da Ali Baş Komandanın rəhbərliyi altında «Dəmir yumruq» ilə düşmənin ilan başına sonuncu həlledici zərbəni endirib erməni faşizminin kökünü həmişəlik kəsmək».

Elnur Səlim

Bu xəbəri paylaşın: