150 gün Xaqansız…

İnsan itirdiyinin əsl dəyərini sonralar anlayır, bəzən isə bunu anlamağa və qəbul etməyə gücü, iradəsi çatmır.

Üstündən 5 ay keçsə də, onun yoxluğu ilə nə barışa bilirik, nə də bu itkinin soyuq sifətinə öyrəşməyi bacarırıq. Xaqani Törəmizin ağsaqqalı, “Turan Elləri”nin Dədə Qorqudu, məsləkdaşımız, Türk sevdalısı, alovlu vətənpərvər, istedadlı jurnalist, araşdırmaçı-alim, gözəl ailə başçısı, vəfalı dost, dara düşənin arxasında duran Qazi idi. Məgər bütün bunlara, eləcə də daha nələrə qadir və sahib Xaqanımızı birdən-birə itirmək mümkünmü? Bu acı həqiqətlə barışmaq, taleyin amansız qəzəvü-qədərini qəbul etmək ölümdən daha betərdir. Nə etməli, Tanrı bizlərə başqa seçim imkanı buraxmadı ki…

Zəkəriyyə, Sarvan, Elnur bəylər və bəndəniz Xaqanımızla görüşə getmişdik. Bizi həmişə olduğu kimi yenə gülər üzlə qarşıladı. Səmimi, mehriban, təmənnasız baxışlarını üzümüzə dikib durmuşdu. O baxışlar bizdən başladığımız işi yarımçıq buraxmamağı, Yurdumuzun gələcəyi naminə xeyir-duasını verdiyi missiyanı davam etdirməyimizi umurdu. Yox, ummurdu, tələb edirdi. Heç narahat olma, Xaqan, nə qədər canımızda can var, canını fəda etdiyin Vətən və Millət adına yolumuza davam edəcəyik. Bu yolda daim yanımızda olacağına, bizlərə dəstək verəcəyinə qətiyyən şübhəmiz yoxdur. Tanrı yolumuzu açıq eləsin ki, ruhun da rahatlıq içində olsun, böyük     Qazimiz!    

İmran Bədirxanlı

       

Bu xəbəri paylaşın: