Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun xatirəsinə həsr olunmuş güləş idman növü üzrə yarış keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.
Yarışı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin üzvləri də izləyiblər.
Mərasimdə çıxış edən Elmar Məmmədov bildirmişdir ki, bugün torpaqlarımızın işğaldan azad olunması şəhidlərimzin qanı bahasına başa gəlmişdir. Şəhidlərin və qazilərimizin hər birimizin üzərində böyük haqqı vardır .Şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq.
Saleh Valeh oğlu Həsənov Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. S.Həsənov Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017-2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib.
Mayor S.Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.






