Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 07 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində İlham Əliyev cənablarına səs verən və onun 93% səs çoxluğu ilə qələbə qazanmasını böyük sevinc və iftixar hissi ilə bayram edən təşkilat üzvləri adından Müzəffər Ali Baş Komandanı təbrik etmişdir.
Qeyd edək ki, hal-hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin üzvləri, həmçinin AVMVİB-in şəhər və rayon təşkilatları bununla bağlı informasiya mübadiləsini həyata keçirir və bir-birlərinə gözaydınlığı verirlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev hazırkı tədbiri müstəqil Azərbaycan tarixinin əlamətdar hadisələrindən biri adlandırmış, bu seçkiləri suverenliyini bərpa edən xalqın bütöv Azərbaycan torpaqlarında baş tutan ilk səsverməsi olduğunu, möhtərəm İlham Əliyev cənablarının öz ailə üzvləri ilə birlikdə məhz Xankəndində səs verməsinin simvolik mənasını və dərin mesajını bütöv Azərbaycan üçün atılmış əhəmiyyətli addımlardan biri kimi səciyyələndirmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev saytımıza açıqlamasında Prezident seçkilərində 93% səs çoxluğu ilə inamlı qələbə qazanan qalib ölkənin qalib Prezidentini təbrik edərək bildirmişdir:
«İlham Əliyev cənablarını 90 minlik təşkilatımız — onun sadiq əsgərləri adından təbrik edirik! Bu gün biz hamımız bu əlamətdar günlərin canlı şahidləri olaraq tarixə düşürük, çünki bu qüruru görərək, saniyə-saniyə hiss edərək yaşayırıq. Gələcək nəsillər tarix səhifələrini vərəqlədikcə bu şərəfli hadisələrin heç olmasa bir neçə saniyəsini bizimlə bərabər hiss etmək, canlı şahidləri olmaq istəyəcək, bizə qibtə edəcəklər. Bu gün bir daha onu göstərdi ki, Azərbaycan xalqı İlham Əliyev cənablarının rəhbərliyi altında gələcəyə inanır və daha böyük uğurlara can atır. Gün o gün olsun ki, növbəti seçkilər Zəngəzurda da keçirilsin».
AVMVİB Mətbuat xidməti