Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi, filologiya elmləri namizədi, dosent Ənvər Rza 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub.
Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim (1962-1967), baş müəllim (1967-1972), kafedra müdiri (1972-1979), dosent (1979-1987) işləyib.
Ənvər Rzanın «Göz işığı» adlı ilk şeiri «Ədəbiyyat və incəsənət» qəzetinin 10 fevral 1962-ci il tarixli sayında dərc olunub. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edib. Bayronun «Şilyon məhbusu», «Mazepa», «Parizina» poemalarını tərcümə edib. «İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Ənvər Rza 1987-ci il iyunun 10-da vəfat edib, vəsiyyətinə görə doğma kəndlərində dəfn edilib.