Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, onların fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları müəyyən edilib.
«Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir», — məlumatda vurğulanıb.