Çexov və Çar
Çexov heç vaxt çar fərmanlarını oxumazmış, çar haqda filmlərə də baxmazmış, heç çarlar haqda kitabları da əlinə almazmış, bir sözlə çar onu zərrəcə də maraqlı deyildi. Elə çar özü də Çexovu sevməzmiş, nədən ki, Qoqolu oxuyanda gülürsən, Saltıkov-Şedrini oxuyanda yenə gülürsən, düzdür bir az qəzəb də yaranır, Çexovun da yazdıqları adamın üzündə təbəssüm yaradır, amma di gəl ki, onun həqiqətləri insanı elə dərin bir kədərə bürüyür ki, bu dünyadan başını götürüb qaçmaq istəyirsən. Buna görə də Çexovla Çar heç vaxt bir-biri ilə söhbət etməyiblər.
Çexov və xəstə
Günlərin bir günü Çexovun yanına bir xəstə gəlir, başlayır ki, dişim də ağrıyır, qarnım da ağrıyır, başım da ağrıyır, qabırğalarım da ağrıyır, oynaqlarım da ağrıyır, gözlərim qaralır, barmaqlarım isə taqətsizdir. Xəstəyə kömək etməkistəyən Çexov soruşur:
“Bəs sizin soy adınız necədir?”
Demərəm, — xəstə bunu deyib qaçır.
Onda Çexov tüpürüb “At soyadı” hekayəsini yazır.
Çexov və Qorki
Çexovun bir zəif tərəfi vardı. Özü də əyalətdən çıxdığı üçün, əyalət adamlarını sevər və onlarla dostluq edərmiş. Çünki, nə Korolenko, nə Tolstoy,nə Bunin Peterburqda ya da Moskvada doğulmamışdılar. Qorkini isə daha çox qadınlar və proletariat oxuyurdu. Onlar söhbət edəndə isə, Çexov etiraf edir ki, kiçik şəhərləri, doğma palçığı, bozluğu, səhralığı, bir sözlə cansıxıcı hər şeyi sevir. Qorki isə əksinə, yeni şeylərdən ruh yüksəkliyi ilə danışır, fırtınanın tezliklə yatışacağından, yağışların kəsəcəyindən və tarixin arxından palçığın axıb təmizlənəcəyindən söhbət açır. Onların söhbətləri başdan-başa bu tempdə davam edir. Sonra isə, söhbətdən doyub meyxanəyə üz tuturlar, bol-bol içirlər və yalnız bundan sonra dalaşırlar.
Çexov və Tolstoy
Tostoy insanları sevmirdi, buna görə də onlardan uzaqda, Yasnoe-polyanada yaşayırdı. Çexovsa yaxşı yazıçı olmaqla bərabər, bəzən başqa yazarlara baş çəkib, söhbət etməyi sevir, başqa yazarlar da Çexovu eyni maraqla qarşılayırdılar, bir sözlə Çexov yaxşı yazarların yığıncağından yan ötməzmiş.
Belə yığıncaqların birində süfrəyə dəniz ilbizi qoyurlar. Çexov naməlum qidaya maraqla baxır, hətta onlardan birini götürüb qoxlayaraqdillənir: bu nə qəribə yeməkdir gətiribsiniz. Bunu eşidən Tolstoy cavab verir:
Ay Anton Pavloviç, siz allah bilmirsiniz bu nədir? Bu ki, dəniz ilbizidir.
– Mənim ona qarşı allergiyam var –Çexov məğrur-məğrur dillənir.
– Siz bilərsiniz – Tolstoy bunu deyib, ilbizlərin üstünə limon sıxır və bir-birinin ardınca yeyir.
ÇexovTolstoyla çay içib gedir. Tolstoy isə evinə qayıdanda gündəliyində yazır: “O, necə də yaxşı insandır”.
Çexov və almanlar
Çexov alman dilini bilirdi, bununçün də almanlar onun dünyasını dəyişdiyi alman şəhərində (Badenvayler şəhəri – red) heykəlini qoyurlar. Bəlkə də Çexov yaxşı yazıçı olduğu üçün məhz ona heykəl qoyublar, bəlkə də bu onun alman dilini yaxşı bilməsinə görədir, ola bilsin həmin şəhərə daha əvvəl başqa yazıçılar gəlməmişdi, özlərinin də Çexov kimi yazarları olmayıb. Ola da bilsin, almanlar Çexovu milli qəhrəmanları hesab ediblər və Hitler kimi bir adamın heykəlini qoymaqdansa onunkini qoymağı üstün tutublar. Ona görə də bu gün Almaniyada Hitlerin bircə heykəli də yoxdur, Çexovunsa var.
Çexov və Knipper-Çexova
Günlərin bir günü, qış fəslində, bəlkə də yaz, ya da payızda, ancaq bircə yayda deyildi, Anton Çexovla Olga Knipper qonaq otağında oturub çay içirlərmiş.Sizin nə kobud soyadınız var, — Çexov gənc qıza deyir. Soyadınızda adamın qulağını cırnaqlayan nəsə var. Sanki, hardasa qağayı qışqırır. Elə bil, almanlar öz aralarında söyüş söyür. Bunun ardınca Çexov bir neçə dəfə yüksək səslə qışqırır:
“Knipper, Knipper”!
— Ya da, elə bil bazarda alverçilər müştəri səsləyir. Ya da nəyisə reklam edirlər. Yaman biabırçı soyaddır! – Çexov deyir.
Bunun qarşısında özünü itirməyən Olqa cavab verir: İndi ki, mənim soyadımı bəyənmirsiniz, onda sizinkini də biabır edəcəm. Bir müddət sonra o Çexova ərə gedir və ölənə kimi hər iki soyadını saxlayır.
Çexov və poçtalyon
Günlərin bir günü, payızın oğlan çağında Çexov işləri ilə bağlı bir malikanəyə baş çəkməli olur. Qarşısına şən, kürən və danışqan bir poçtalyon çıxır.
Eh ay ağa, burda heç darıxmazsan, — malikanənin yaxınlığındaÇexovu qarşılayan poçtalyon deyir, — o əli ilə sol tərəfi göstərir, — təsəvvür edin, burda yaşayan ağa yəhudi qızıyla evləndi və qonşu qızı ilə ona xəyanət etməyə başladı. Yəhudi qızı vərəmləyib öldü, ağaysa başına bir güllə çaxdı. Ya da o tərəfdəki, — o barmağını sağa tuşlayır, — dayı bacısı qızı ilə yaşayırdı, hansısa professor cavan arvadıyla onlara qonaq gəldikdən sonra, dava-qırğın başladı nə başladı, evdə bir əşya, qab-qacaq qalmadı, hamısını qırdılar, sonra dayı az qaldı professoru güllələsin. Gölün o yanında oğluyla birlikdə bir xanım yaşayırdı, oğlu pyeslər yazırdı, sonra nədənsə kefi pozuldu, o da başına bir güllə çaxdı. O dərədəki evin xanımı isə borcların əlindən başını götürüb Parisə getdi, di gəl ki, sadiq nökərini yaddan çıxartdı, nökər də elə burda öldü. Çexov poçtalyonu dinləyib,dəftərçəsinə növbəti pyesinin süjetini yazırdı.
Çexov və Bunin
Bunin 1953-cü ildə dünyasını dəyişib, Çexovsa 1904-də. Bununçün də Buninin başına çox iş gəlmiş, çox şeylər görmüş, çox bəlalar çəkmiş, xeyli xoşbəxt günləri də olmuşdur və özündən sonra kağız üzərində cild-cild əsərlər qoyub getmişdi. Çexovsa az yaşamışdı, ancaq zığ-palçıq, kasıblıq görmüş və özündən sonra “Qarağat” hekayəsini qoymuşdu. Bu səbəbdən, Bunin mühacirətdəki həyatında, nə vaxt qarağatla qarşılaşsa, Çexovu ehtiramla yad edirdi.
Çexov və insanlar
Çexov ana söyüşü söyməyi sevirmiş. Təkcə buna görə onu qətiyyən avara ya da quldur adlandırmaq olmaz, sadəcə o söyüşü sevirdi. Onun ətrafındakı adamlar da, kəndlilər də ana söyüşü söyürdülər, heç onlar da nə avara nə, nə quldur idilər. Onların danışıq tərzi beləydi və bir-birləriylə əla yola gedirdilər.
Çexov və Teatr
Günlərin bir günü Stanislavski zəngin həyatdan doyub, indi də məhşurlaşmağa qərar verir və beləliklə Nemiroviç-Dançenko ilə birlikdə teatr yaratmağı qərara alır. Çexovsa doğma oğlundan başqalarının əsərlərini sevməyən və belletristə vurulan dramaturq anası ilə bağlı bir pyes yazır və bu pyesi yeni yaranan teatra təqdim edir.Yaxşıdır, — Stanislavski dillənir və eynəyini çıxarır. O nəyisə bəyənəndə həmişə gülümsəyib eynəyini çıxararmış. – Yaxşıdır, — Nemiroviç-Dançenko dillənir və saqqalını tumarlayıb, bir mahnı zümzümə etməyə başlayır. O nəyisə bəyənəndə həmişə mahnı zümzümə edərmiş, gecələr tez-tez arvadı, onun bu hərəkətindən səksənib qorxarmış. — Yox pisdir, -Çexov deyir, bundan sonra heç nə dillənmir.
— Pyesi səhnələşdirirlər, maraqla qarşılanır, yenidən səhnələşdirirlər, hamının xoşuna gəlir, rəqslər də olur, şampan şərabı da içirlər, öpüşürlər də, hətta pyesdəki surətə daha çox bənzəməsi üçün, aktyorlardan birinin vurub üz-gözünü dağıdırlar. Bütün bunlar heç Çexovun kefini açmır. O əsərin müəllifi kimi teatra gedib-gəlir, amma səhnədə göstərilənləri qətiyyən sevmir.
Anton Çexov Moskva Bədii Teatrında aktyorlara öz pyesini oxuyur.
Çexov və şampan şərabı
Çexov araq içirdi. Bunu hamı bilirdi və hər bayram ona bir şüşə araq hədiyyə edirdilər. Bu Çexovun xoşuna gəlirdi, o gülür, əl sıxır və olduqca sevinirdi. Şampan şərabı isə ondan ikrah oyadırdı, onu içəndə mədə qıcqırması, baş ağrısı, ağzında xoşagəlməz tam yaranırdı. O Almaniyada olanda bu ölkəylə bağlı bütün təəssüratlarını korlamaq üçün ancaq şampan şərabı içirmiş. Şampan şərabı isə həqiqətən onun səhhətini korlayır. Kədərli bir tarixçədir.
Çexov və yollar
Çexov bütün Rusiya boyu tez-tez və uzun səyahətlərə çıxarmış. O vaxtın adəti idi, hamı səyahət edirdi, Tolstoy qatarla, Qorki ayaqyalın, başqa birisi paraxodla, bir başqası karetayla. Çexovsa arabada səyahət edirmiş, köhnə-küləş bir arabaymış, yağış yağanda su onun yaxasından içəri dolurmuş. Belə hallarda o qəmli-qəmli deyərmiş: Rusiyamız necə də kədərlidir, bunun ardınca gözünün yaşı yağışa qarışırmış. Çexov utancaq idi və göz yaşını kimsəyə hiss etdirməzmiş. Yağış kəsəndən sonra isə, Çexov yol boyu söyüş söyər, qarğış tökər və əsasını havada yellədərmiş. Bunu görən arabaçılar səksənib xaç çəkərmiş, buna görə də Çexovu “Əli əsalı, dəlisov həkim” adlandırırlarmış,uşaqları onunla qorxudurlarmış.
Çexovun Rusiyanın Tomsk şəhərindəki heykəli
Çexov və seks
Çexov seksi sevirdi. O hər gecə yataqdan sıçrayıb qalxar və seks zamanı yaşadıqlarını yazmağa başlayarmış. “Onun ayaqları əyriydi”, yaxud “Onun bir döşü daha böyük idi”, ya da ki “O yataqda elə zingildəyir ki, adamın əsəblərinə toxunur”, bəzən də “Onun tər qoxusu az qalsın məni öldürəcəkdi”, ya da buna bənzər bir şey yazarmış. Qızlar bundan özlərini narahat və təhqir olunmuş hiss etsələr də, Çexov özünü böyük realist kimi tanıda bilmişdi.
Çexov və ölüm
Çexov böyük realist idi. O əcəli gələndə öləcəyini dedi və öldü də. O yad yatağında, yad şəhərdə, yad ölkədə və yad insanların arasında dünyasını dəyişdi. Məncə, Çexovu sevmək lazımıdr, çünki biz hələ də tənhayıq, hələ də darıxırıq, yollar həmin palçıqlı yollardır, həmin çay içmək məqamıdır, həmin qarlar yağıb yağışa keçir, mürəbbələr həminki kimi qoxuyur, elə o vaxtlardakı kimi daim işləmək, kədərlənmək və əzab çəkmək, sevmək, sevməmək, siqaret çəkmək, içmək, gəzmək lazımdır. Həmişəki kimi.
Pavel Burleyev