Son zəng…

Yenə son zəng çalınır,
Həm sevincdi, həm kədər.
Göz önündə canlanır,
Xatirələr nə qədər…

Ürəkləri titrədir
Son zəngin kövrək səsi.
Kimə «xoş gəldin» deyir,
Kimə vida nəğməsi…

Səslən, ey məktəb zəngi,
Qoy sənin doğma səsin
Gələcəyə çağırsın
Azad, yeni bir nəsli…

Əlvida, doğma məktəb,
Alqış gələn səhərə.
Heç nə itmir dünyada,
Dönür xatirələrə…

Gələcəyə gedən yol
Yalnız məktəbdən keçər.
Dahilər də müəllim
Əllərindən su içər…

Bir gələcək gözləyir,
Bir keçmiş yola salır.
Hara uçub getsək də,
Qəlbimiz burda qalır…

İlk müəllim — ilk sirdaş,
İlk sevgi, ilk ayrılıq.
Son zəng son nöqtə qoyur,
Gəlin daha ayrılaq…


Baba Vəziroğlu

Bu xəbəri paylaşın: