İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda əslən azərbaycanlı namizəd Məsud Pezeşkian qalib gəlib. Məsud Pezeşkian 16.384.403 səs, rəqibi Səid Cəlili isə 13.538.179 səs toplayıb.
Keçmiş səhiyyə naziri Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə azərbaycanlıdır. Məsud Pezeşkian əvvəlcə Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb. 1973-cü ildə hərbi xidmət keçib. 1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib. 1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisasa yiyələnib. Sonra Təbrizin Ürək Xəstəxanasında işə başlayıb, ardınca həmin xəstəxananın rəisi olub. M.Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində də çalışıb və hazırda bu nüfuzlu elm ocağının akademik heyətinin üzvüdür.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev İranda prezident seçkilərində qalib gələn azərbaycanlı Məsud Pezeşkianı çoxsaylı veteranlar adından təbrik edib, ona ən ali arzularını çatdırıb və və Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin daha da gücləndirilməsində ümidvar olduğunu vurğulayıb.
AVMVİB Mətbuat xidməti