Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev PKK-nın özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Təbrikdə deyilir:
«Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etməsi münasibətilə ürəkdən təbrik edirəm.
Bu mühüm və tarixi qərar Türkiyə dövlətçiliyinin möhkəmlənməsi, əmin-amanlığın və milli birliyin qorunması istiqamətində atılmış önəmli strateji addım olmaqla yanaşı, Türkiyənin “Terrorsuz gələcək” yolunda qazandığı əlamətdar qələbədir. Bu, həm də möhtərəm Prezident Rəcəb Tayyib Ərdoğanın güclü liderliyinin, prinsipial mövqeyinin və dövlətçilik iradəsinin parlaq göstəricisidir.
Azərbaycan və Türkiyə xalqları hər zaman bir-birinin yanında olmuş, terrora qarşı mübarizədə qətiyyətli həmrəylik nümayiş etdirmişdir. Biz veteranlar bu uğuru öz qələbəmiz kimi qiymətləndirir, bölgədə sülh və sabitlik naminə atılan bu addımı yüksək dəyərləndiririk.
Qardaş Türkiyə dövlətinə və xalqına bu qərarın tam icrası və davamlı sülhə nail olunması istiqamətində uğurlar arzulayır, qardaşlığımızın sarsılmaz olduğunu bir daha vurğulayırıq.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!»
Füzuli Rzaquliyev
AVMVİB-in sədri
13 may 2025-ci il
AVMVİB-in Mətbuat xidməti

