İyunun 14-də, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhid Eldarov Kərim Ağarəhim oğlunun məzarının yenidən bərpasından sonra açılış mərasimi keçirilib. Qeyd edək ki, Kərim Eldarov 12 may 1967-ci ildə anadan olmuş, 1993-cü il aprelin 9-da Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Tədbir şəhidimizin ailəsinə, xatirəsinə və igidliyinə ehtiram əlaməti olaraq yüksək səviyyədə təşkil olunub. Açılış mərasimində Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar müəllim, İcra nümayəndəsi Fəqan müəllim, Maştağa bələdiyyəsinin sədri Mikayıl müəllim və onun müavinləri Zakir və Ağanəcəf müəllim, eləcə də Maştağa qəsəbə məscidinin axundu Hacı Hüseyn iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa qəsəbəsi üzrə sədri Mustafayev Mustafa, ehtiyatda olan polkovnik Abdullayev Səxavət və qəsəbənin qazi-veteranları da tədbirdə iştirak edərək şəhidin ailəsinə və yaxınlarına dərin ehtiramlarını bildiriblər.
Tədbir zamanı çıxış edənlər şəhid Kərim Eldarovun göstərdiyi qəhrəmanlıq nümunəsindən, onun döyüş yolundan, Vətənə sədaqətindən söz açaraq vurğulayıblar ki, bu torpaqlarda qürurla yaşamağımız şəhidlərimizin fədakarlığı sayəsində mümkün olub. Onların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
Dualar oxunub, şəhidin məzarı üstünə gül dəstələri düzülüb. Tədbir iştirakçıları bir daha qeyd ediblər ki, şəhidlərimizin ruhuna olan ehtiram və onların ailələrinə göstərilən diqqət bizim borcumuzdur.
AVMVİB-in Mətbuat xidməti







