Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuili Rzaquliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə vətənpərvər jurnalistlərimizi təbrik edirb onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Təbrikdə eyni zamanda deyilir:
«Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sıralarında bu gün onlarla jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis fəaliyyət göstərir. Onlar cəmiyyətə Vətən müharibəsi həqiqətlərini çatdırmaq, veteranların, şəhid ailələrinin səsini duyurmaq və dövlətçiliyimizi təbliğ etmək missiyasını şərəflə həyata keçirirlər.
Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın ilk döyüşçü jurnalistlərindən biri, tanınmış türkoloq, publisist və media təşkilatçısı, mərhum Xaqani Ədəboğlunun xidmətləri Azərbaycan mətbuat tarixində silinməz iz buraxmışdır. Onun rəhbərliyi ilə fəaliyyətdə olan media platformaları – «fedai.az» saytı, «Veteran TV» internet televiziyası və «Veteran.az» informasiya portalı daim düşmən təbliğatına qarşı mübarizə aparmış, dövlət maraqlarımızın qorunması və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görmüşdür. Xaqani Ədəboğlunun peşəkarlığı, vətənpərvərliyi və prinsipiallığı bu gün də media cameəsində örnək kimi qəbul edilir. Bu mübarizədə Xaqani Ədəboğlunun rolu əvəzsizdir. Bu gün onun məktəbini keçmiş, jurnalistika sahəsində təlim görmüş və AVMVİB-in sıralarında könüllü əsaslarla çalışan jurnalistlərimiz, eləcə də AVMVİB-in Mətbuat Xidmətinin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən əməkdaşları bu şərəfli yolu ləyaqətlə davam etdirirlər. Onlar təkcə media fəaliyyəti ilə yox, həm də milli yaddaşın qorunması, vətənpərvərlik təbliğatı və ictimai şüurun formalaşması baxımından misilsiz işlər görürlər.
Bu kontekstdə AVMVİB-in informasiya resursları – «fedai.az», «veteran.az» saytları, həmçinin «Veteran TV» internet televiziyası üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Bu media orqanları illər boyu düşmən təxribatı və informasiya savaşında dövlətimizin informasiya səngərində döyüşçü olmuş, şəhidlərimizin ruhuna layiq, veteranların səsinə çevrilmişdir.
Müasir dövrdə Azərbaycan mediası qarşısında yeni çağırışlar və vəzifələr müəyyənləşmişdir. Bu vəzifələr sırasında rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, sosial media platformalarında fəallığın artırılması, media savadlılığının yüksəldilməsi, eləcə də dezinformasiya və saxta xəbərlərlə mübarizə xüsusi yer tutur. Media qurumlarımız müasir informasiya müharibəsi şəraitində fəaliyyət göstərərkən, Azərbaycanın dövlət maraqlarını uca tutmalı, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu, regionda baş verən müsbət dəyişiklikləri, ictimai-siyasi sabitliyi və vətəndaş rifahını ictimaiyyətə obyektiv və operativ şəkildə çatdırmalıdır.
Bu əlamətdar gündə AVMVİB-in bütün regional jurnalistlərini, mətbuat xidmətində çalışan əməkdaşlarımızı, media tərəfdaşlarımızı, o cümlədən ölkəmizin jurnalistlərini və peşəkar qələm sahiblərini ürəkdən təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. İnanıram ki, milli jurnalistikamız qarşıdakı illərdə də daim inkişaf edəcək, milli maraqlarımıza və informasiya təhlükəsizliyimizə xidmət etməyə davam edəcəkdir».
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
AVMVİB-in Mətbuat xidməti