AVMVİB sədri Radə Adıgözəlovanı Fəxri Fərmanla təltif etmişdir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev təşkilatın Baş ofisində Abşeron rayon Saray qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllimi Radə Adıgözəlovanı qəbul etmişdir. Görüşdə AVMVİB sədrinin Birinci müavini Vahid Abdurəhmanov, AVMVİB-in Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Niyazi Quliyev və AVMVİB-in İctimai əlaqələr üzrə sədr müavini İslam Səfərov da iştirak etmişlər.

Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı Radə müəllimin uzunillik pedaqoji fəaliyyəti, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsindəki rolu, şəhid məzunların xatirəsinin yaşadılması və onların şərəfli həyat yolunun şagirdlərə nümunə kimi təqdim olunması istiqamətində gördüyü işlər yüksək dəyərləndirilmişdir. Eyni zamanda Radə müəllimin hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərin bu istiqamətdə apardığı maarifləndirmə işinə verdiyi töhfələr xüsusi vurğulanmışdır.

AVMVİB sədri Füzuli Rzaquliyev çıxışında qeyd etmişdir ki, müstəqil Azərbaycanın gələcəyinin etibarlı əllərdə olması məhz müəllimlərin üzərinə düşən böyük vəzifələrin layiqincə yerinə yetirilməsindən asılıdır. O, Radə Adıgözəlovanın fəaliyyətini yüksək qiymətləndirərək, AVMVİB-in bu kimi təşəbbüsləri hər zaman dəstəklədiyini və qarşılıqlı əməkdaşlığa daim açıq olduğunu bildirmiş, AVMVİB-in hərbi-vətənpərvərlik tədbirlərində fəal iştirakına görə ona öz təşəkkürünü ifadə etmişdir.

Radə Adıgözəlova göstərilən diqqət və etimada görə AVMVİB rəhbərliyinə təşəkkürünü bildirmiş, təhsil müəssisələrində şəhid ailələri və müharibə veteranları ilə birgə keçirilən tədbirlərin və fəaliyyətlərin şagirdlərin vətəndaşlıq məsuliyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.

Görüşün sonunda AVMVİB sədri Füzuli Rzaquliyev Radə Adıgözəlovanı «Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki pedaqoji fəaliyyətinə, hərbi-vətənpərvərlik mövzusunda yazdığı şeirlərlə milli dəyərlərin təbliğinə və bu istiqamətdə keçirilən tədbirlərdə fəal iştirakına görə» onu Fəxri Fərmanla təltif etmişdir.

Tədbir xatirə şəkli çəkilməsi və gələcək əməkdaşlıq istiqamətində fikir mübadiləsi ilə başa çatmışdır. Sonda Radə Adıgözəlova şəhid şagirdlərinin xatirəsinə həsr etdiyi şeirini səsləndirmişdir:

Nur üzlü şəhidim

Nur üzlü şəhidim, nə deyim sənə?!
Qərənfil düzürəm soyuq köksünə.
Deyirəm: rahat yat, cənnət mələyim,
Tifaqı dağılsın zalım fələyin.

Dünən düşmənləri məhv edən əsgər,
Bu gün tabutunu bayraqlar bəzər.
Dünən, hey gülərək danışan əsgər,
Bu gün daşa dönmüş cansız bir heykəl…

Neçə-neçə arzu, neçə xəyallar —
Yarımçıq yazılmış bir kitab oldu.
Ünvanı olmayan, bəs bu məktublar
Görəsən, kimlərin qisməti oldu?

Anacan, başını qaldır yuxarı!
Niyə gözlərini yerə dikmisən?
Sən ki, bu Vətənə övladlarını
Heç fikirləşmədən qurban vermisən!

Ey şəhid atası, əymə qəddini!
Şərəfli yol seçmiş igid oğlunuz.
Gəlin, hamılıqla bilək qədrini,
Vətən fədaisi — sizin oğlunuz!

Vətənə qiyməti onlar verdilər,
Vətəni ürəkdən, candan sevdilər,
Ana, gözlərini yolda qoyaraq,
Torpaq sevgisini uca bildilər.

AVMVİB-in Mətbuat xidməti

WhatsApp Image 2025 07 22 at 23.03.14 WhatsApp Image 2025 07 22 at 23.03.12
Bu xəbəri paylaşın: