
Abbas Hüseynov
AVMVİB Polis Veteranları şöbəsinin sədri
Doğrusu, vəzifədən çıxarılan şəxslərin əmlakları barədə eşidəndə adam dəhşətə gəlir. Hər bir icra başçısının, hər bir nazirin nə qədər var-dövləti olar? Özü də hələ bu var-dövlət cinayət yolu ilə əldə edilmiş ola. Bunlar barədə televiziyada, sosial şəbəkələrdə məlumat verilsə də, heç bir nəticəsi olmur. Səbəb görəsən nədir? Kimdir bunları müdafiə edən?
Bəlkə, biz bilmirik, Azərbaycan Respublikasında insanlar iki növə bölünüb, ağ adamlar və qara adamlar. Azərbaycanda hal-hazırda qüvvədə olan və heç bir zaman işləməyən “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” Azərbaycan Respublikası Qanunu vardır. Həmin Qanunun 5-ci maddəsində vəzifəli şəxslərin əmlakları barədə məlumatlardan bəhs edilir. Maddənin 5.1.1-də deyilir ki, vəzifəli şəxs öz əmlakının «mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə» məlumat verməlidir. Görən hansısa bir vəzifəli şəxs, 2004-cü ildən indiyə qədər əmlakları barədə məlumat vermişdirmi?
Bakı şəhərində yerləşən Rayon İH-i başçılarının sərvətini isə saymaqla bitməz. Bakı şəhəri, Nizami rayon İH-nin sabiq başçısı Arif Qasımovun əldə etdiyi sərvətlə, mənə elə gəlir ki, Qarabağ torpağının müəyyən hissəsinin azad etmək olar. Qarabağda işlədiyim vaxtlar idi. Bir dəfə uşaqlarla oturub plan cızırdıq ki, erməni kəndlərinə Çıldıran və Vəngə hücum edək. Həmin erməni kəndlərində ermənilər çoxluq təşkil edirdilər. Birdən uşaqlardan birisi dedi ki, Abbas müəllim, mənə nə verəcəklər ki, mən bu əməliyytda iştirak edim. Doğrusu, mən bunu düşünməmişdim. Özümün də pulum yox idi ki, ona nə isə deyim.
Bundan sonra 1991-ci ilin əvvəllərində kənd adamları ilə birlikdə Bakı şəhərinə o vaxtı Qarabağa Xalq Yardımı Komitəsinin başçısı Bayram Bayramovun 28 May metrostansiyasının yaxınlığında yerləşən ofisinə Sırxavənd kəndində sovxoz direktoru işləyən Ərşad müəllim və kənd camaatı ilə birlikdə gəldik. Bayram müəllim bizi yaxşı qarşıldı, lakin məqsədimizin erməni kəndlərinə hücum edib, ermənilərin həmin kəndlərdən çıxarılmasını bildikdə isə bir qədər əsəbləşdi. Məndən və Ərşad müəllimdən otağı tərk etməyimizi tələb etdi. Ərşad kişi çıxsa da, mən çıxmadım və dedim ki, Bayram müəllim biz bura sizdən pul istəmək üçün gəlməmişik. Biz gəlmişik ki, Ağdam rayonunun Əliağalı kəndinin ərazisinə yaxın olan yerdə Yeni Qaralar kəndi tikirsiniz.(Ermənilər Qaralar kəndini, Sırxavənddən yuxarıda yerləşən kəndin camaatını öz yerlərindən qovmuşdular).Ora çoxlu miqdarda vəsait ayrımısınız. Bu Qaralar kəndinin sakinlərini biz öz yerlərinə köçürək və ətrafda olan erməni kəndlərinidə boşaldaq ki, onların təhlükəsizliyi təmin edilsin. Siz bizə Yeni Qaralar kəndinin salınmasına ayrılan pulun 10 faizini versəniz biz bu işi görə bilərik. Mənim bu sözümü eşidən Bayram müəllim bərk əsəbləşdi və mənə «ekstremist-ekstremist danışma»- dedi. Mənə otağı tərk etməyi əli ilə bildirdi.Mən otaqdan çıxmaq istəməyən zaman mənə iki nəfər şəxs yaxınlaşdı və biri mənim sol qolumdan, o birisi isə sağ qolumidan tutaraq otaqdan çıxartdılar. Mən sonradan bildim ki, bunlardan birisi indiki millət vəkili Sabir Rüstəmxanlı, digəri isə Cümşüd Nuriyevdir. Onlar məni otaqdan çıxartdıqdan sonra mənə dedilər ki, Bayram müəllim xəstədir, onu əsəbləşdirmək olmaz. Sonradan «Azərbaycan» qəzetində Ağdərə RPŞ-nin azərbaycanlı işçilərinin hər birisinə Qarabağa Xalq Yardımı komitəsi tərəfindən 500 manat pul mükafatı verilməsi barədə yazı yazılmışdı.
Bu misalı çəkməkdə məqsədim odur ki, hal-hazırda dünyanın bir sıra ölkələrində azərbaycandan gedən minlərlə insanlarmız var ki, oralarda döyüşürlər. Onların din uğrunda, məzhəb uğrunda vuruşmalarından asılı olmayaraq, əsas məqsədləri ailələrini dolandırmaqdır. Onlar orada 500-600 ABŞ dolları pul alırlar. Olmazmı ki, bu İcra Başçıları, Nazirlər əldə etdiyi pulları həmin şəxslərə verməklə torpağımızı erməni ışğalından anti-terror əməliyyatı keçirməklə azad etsinlər?!
Bu işin görülməsinə Beynəlxalq Qanunlar da icazə verir.
