ELBƏYİ

AĞDƏRƏ
Kolanı beşiyi, kolanı yurdu,
Tarixi yaşıdı sanan, Ağdərə.
Həsrətdən çat verən dodaqlarımda,
Ən şirin kəlmə tək donan, Ağdərə.
Bir üzü Ulubab, bir üzü Sığnaq,
Tərtərdən, Xaçından taxıb boyunbağ,
Bir yanı Qırxqızdı, bir yan Murov dağ,
Dağlardan düzlərə enən, Ağdərə.
Sənə can atmasaq, çətin, çox çətin,
Üstünə yeriyə dağ Məhəmmədin,
Verdik əlimizlə yada cənnəti,
Qarabağ ümmandı, sonam, Ağdərə.
Dənizə bənzərdi gur meşələrin,
Qoxuda tay bilməz bənövşələrin,
Bulaqlar şırşırlı, bulaqlar sərin,
İndi xəyallara dönən, Ağdərə.
Keçmişin dərslərin yaman unutduq,
Gələcək bizləri toplara tutdu,
Tüstüsü millənib göylərə çatdı,
Od-alov içində yanan, Ağdərə.
Bu gün ərənlərin göz yaşın olsun,
Dünya namərdlərin dünyası olsun,
Axan qan saçının hənası olsun,
Ay mənim sevimli anam, Ağdərə!
***********

OLDU
Fələk öz yükünü qoydu çiynimə,
Sıldırım yoxuşlar, yoldaşım oldu.
Kədəri paltar tək geydim əynimə,
Çəkdiyim çilələr göz yaşım oldu.
Yollar yordu məni, yaman yorğunam,
Taleyə, qismətə sərtəm, qırğınam,
Özüm özüm ilə çıxdım qırğına,
İki əlim döyən öz başım oldu.
Dünyanı sevmədim bir zərrə, udum,
Bircə gün işardı sandım, umudum
Əl atdım dünyanın əlindən tutum,
Tutduğum əl deyil, baş daşım oldu…
**********

OĞURLAYAR
Bəxti yatan məmləkətin,
Varın vəzir oğurlayır.
Özgə qazanc tapa bilməz,
Yetən nazir oğurlayır.
Boğazına torba taxar,
Yolçu kimi hesab yığar.
Bizim işə şeytan baxar,
Ev-ev gəzir oğurlayır.
Dilimiz yox, danışmağa,
Qorumuz yox alışmağa,
Göz öyrəşib görsün, qağa,
Əyri düzü oğurlayır.
Qından çıxan deyil, bağa
Gəlib çıxdıq hansı çağa?
Möhtacıq zərrə işığa,
Zülmət gözü oğurlayır.
Nuh tufanı çatdı mənə,
Yazıq qəflətdə yatana,
Baxın sularda batana,
Suda üzür, oğurlayır.
Boyun əydik, biz tamaha,
Asi düşmüşük Allaha,
Görüm çıxmasın sabaha,
Molla nəzir oğurlayır.
Dünən gecə öldü, harın,
Apardı bir yekə qarın,
Zəbt elədi, özgə gorun,
Ölüb məzar oğurlayır.
Vay anam, vay, çək əlini,
Məzlumdur, doğan zalimi,
Öz ayını, öz ilini,
Millət dözür, oğurlayır…
