«Onun ilk sərəncamı “Şirvanneft”in erməni rəisi Vano Avanesovun işdən çıxarılması oldu…»
…1957-1982-ci illərdə Azərbaycanın müstəqilliyinin bərpası uğrunda gizli mübarizə aparmış, Xudu Məmmədov, Bəxtiyar Vahabazadə, Nurəddin Rza, Yusif Məmmədəliyev və s. kimi görkəmli ziyalılarımızın da üzvü olduğu, milli masonçuluq hərəkatı kimi tanınan Milli Azadlıq Qərargahının (MAQ) sədri olmuş Oqtay Eldəgəzin bir sıra maraqlı məqalə və söhbətləri ilə Moderator.az oxucularını ötən illərdə tanış etmişik.

Bu dəfə öz fəaliyyəti dövründə MAQ-ın ölkəmizin gələcəyi uğrunda apardığı əməliyyatlardan biri barədə — iqtisadiyyatımız üçün böyük əhəmiyyət kəsb edən neft sənayesi ilə bağlı gördüyü işlərdən danışacağıq.
Oqtay Eldəgəz yazırdı:
“O vaxtlar Azərbaycann neft üzrə nazirliyi yox idi, yalnız SSRİ Neft Nazirliyi vardı. MAQ-çılar Azərbaycan Neft Sənayesi Nazirliyini yaratmaq məqsədilə fəaliyyətə başladılar. Tezliklə Azərbaycan Neft Sənayesi Nazirliyi yaradıldı və Nazirlər Şurasının keçmiş sədri Ağasadıq Rəhimlinin, onun müavini Kamran Hüseynovun, Nazirlər Şurasının yeni sədri Əmirlinin, “AZNEFT”in rəisi Süleymanlının, Azərbaycan Sənaye İnstitutu qazma kafedrasının müdiri Məmmədpaşa Quliyevin (Danil Quliyevin böyük qardaşı) və neftçi Qurbanın səyləri sayəsində 1963-cü ilin dekabrında həmin vəzifəyə Bəxtiyar Məmmədrza oğlu Məmmədov təyin edildi (Sadalanan adamlar arasında yalnız sədr Əmirli və neftçi Qurban MAQ-çı deyildilər). Onun fəaliyyəti 1963-cü ildən 1969-cu il yanvarın 10-dək davam etdi. Yeni nazirin ilk sərəncamı “Şirvanneft”in erməni rəisi Vano Avanesovun işdən çıxarılması, yerinə MAQ-çı Əliağa Quliyevin təyin edilməsi oldu. Bəxtiyar Məmmədov erməni mədən müdirlərini, mühəndis və geoloqları, başqa işçiləri küyə salmadan qovmaqla, qarşıya qoyulan tələbləri müntəzəm yerinə yetirməklə vəzifədə olduğu son günəcən MAQ-ın iradəsinə sadiq qaldı…”
Təqdim etdi: Sultan Laçın
