Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, müharibə veteranı Həsənov Oktay Mehdi oğlu vaxtsız vəfat etməsi xəbərini eşidincə AVMVİB adından mərhumun yaxınlarına başsağlığı vermiişdik. Bu xəbərə reaksiya verən döyüşçülər müharibə veteranı Oqtay Həsənovun vaxtsız ölümünüm səbəblərini və yas yerini soruşurdular.

Ona görə axtarışa başlasaq da yalnız «Vətən Eşqi» adlı facebook səhifəsində müharibə veteranı haqqında məlumata rast gəldik və ürək yanğısıyla yazılmış bu məlumatı diqqətinizə çatdırırıq: «Bir neçə gün bundan öncə Mehdi balamız əmisi Qarabağ döyüşçüsü, qazimiz Həsənov Oktay Mehdi oğlunun vəziyətinin ağır olduğunu söyləmiş və Azərbaycan xalqından kömək istəmişdi. Amma nə yazıq ki, heç kəs kömək etmədi və Oktay Həsənov vəfat etdi. Məni bir sual maraqlandırır, niyə bu Vətənin uğrunda döyüşüb əlil olan, şəhid olanlara ögey münasibət bəslənir? Bunlar nə pis iş görüblər ki, hələ də bu suala cavab tapa bilmirəm. Bu cavabı bilən varsa, mənə desin. Allah Oktay qardaşımıza rəhmət eləsin. Məkanı cənnət olsun. Amin».

Həmçinin bildiririk ki, Oqtay Mehdi oğlu Həsənov 1972-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 1990-1992-ci illərdə Sovet ordusunda xidmət edib. İdmançı və tanınmış xanəndə olub. «Mən «Şuşanın dağları», «Qarabağ şikəstəsi» oxuyub pul qazanıram, qeyrətli oğullar gedib Qarabağda şəhid olurlar» — deyərək, 1993-cü ilin mart ayında orduya yazılır və döyüşlərdə qəhrəmanlıqlar göstərib. Döyüş yoldaşlarını dediyinə görə, 12 şəhidimizin nəşini döyüş meydanından çıxararaq, valideynlərinə təhvil verib və yas mərasimlərində iştirak edib. Döyüş zamanı yaralanmış əsgər və zabitlərimizi döyüş meydanından çıxararaq, əsir düşmələrinə imkan verməyib. Həmin döyüşçülərdən sağ qalanlar mərhumun tabutu önündə diz çökdülər.
Sadəcə bu qədər. Bir döyüşçü illərlə xəstə yatıb. Onun qapısını kimlərsə açmayıb. Hər bir veteranın qəlbini qovuran sahibsizlik, baxımsızlıq və hətta kin-küdurət yağan nəzərlər… Beləcə daha bir nəfər sıralarımızı tərk etdi. Qarabağdan bir adam da uzaqlaşdıq. Başın sağ olsun, Vətən, deyəcəkdim, deyə bilmədim. Dilim gəlmədi. Başın sağ olsun, Vətən, deyəcəkdim, amma bu Vətənin başını tapa bilmədim. Onu deyəsən Qarabağda kəsiblər…
Ermənilərlə əl-ələ verən içimizdəki qazini, şəhidi görməzdən gələn xainlər, satqınlar, məmləkəti dayılarına satanlar kəsiblər. Anlada bildimmi?
Ölüm çox sevər bizi,
Sizlər sevmədiyiniz qədər… (F. Tuncer «Əsgər məktubu«)
Məkanın cənnət olsun, qazi qardaşım!
Xaqani Ədəboğlu


