Veteran.az saytının redaktoru Nurlan Məmmədli Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvlüyünə qəbul edilərək, AVMVİB Mətbuat Xidmətinin təqdimatıyla İctimai Birliyin təsis etdiyi «Milli Ordu — 100» Xatirə medalı ilə təltif edilib.
AVMVİB sədri Füzuli Rzaquliyev Nurlan Məmmədlini təltif münasibətiylə təbrik edərək, bildirdi ki, könüllülər olaraq müharibə veteranlarının problemlərini ictimailəşdirən, ölkədə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və təşkilatımızın gördüyü işlərin təbliğində bu internet resurslarının əvəzsiz xidmətləri vardır. Xüsusən də düşmənin bizim saytları daim hədəfə alması və haker hücumlarına məruz qoyması düz yolda olmağımızın göstəricisidir. Az kollektivlə çox iş gördüyünüzü etiraf etməliyik. Ona görə də, Fedai.az saytına düşmənin silislə kiberhücumları zamanı göstərdiyi xidmətə, Veteran.az və Veteran TV-nin redaktoru kimi təmənnasız fəaliyyətinə görə Nurlan Məmmədlini Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvülüyünə qəbul etdik və onun xidmətlərini İctimai Birliyin təsis etdiyi «Milli Ordu-100» Xatirə medalı ilə təltif etməyi qərara aldıq. Arzum budur ki, döyüşçülərin saytı olaraq, tezliklə Şuşadan zəfər reportajları yayımlayasınız.
AVMVİB sədrinin təşkilati işlər üzrə müavini, bütün problemli məsələlərdə daim Birliyin internet saytlarının yanında olan Vahid Abdurəhmanov da təbriklərə qoşularaq, Nurlan Məmmədliyə öz xoş arzularını bildirdi. Qeyd etdi ki, 67 minlik bir təşkilatın güzgüsü olan Fedai.az və Veteran.az internet resursları daim düşmənlərin hədəfindədir. Azərbaycanın düşmənlə informasiya şəraitində olduğu bir vaxtda Azərbaycan saytlarına, xüsusilə Fedai.az-a qarşı qanunsuz kibercinayətlər təşkili və eyni zamanda Veteran.az-ın sosial şəbəkələrdə, o cümlədən Facebook-da yayımının əngəllənməsi bizim saytların düşmənin sinirlərinə toxunmasının bariz nümunəsidir. Hər bir veteran bu saytların yanında olmalıdır. Çünki azsaylı könüllülər də öz növbəsində hər bir veteranın yanında olmağa çalışır və daha çox iş görməyə can atırlar. Bir daha Nurlan Məmmədlini təltif münasibəti ilə ürəkdən təbrik edir və qələbə xəbərlərimizi işıqlandırmağını arzu edirik.
Mərasimdə AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu və Fedai.az saytının redaktoru Elnur Səlim də iştirak ediblər.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti



