Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi fəal şöbələrimizdəndir. Lakin şöbənin yeri əlindən alındığına görə öz fəaliyyətini kirayələrdə qurmağa məcburdur.
Nəsimi rayon İH rəhbərliyi AVMVİB ilə yaxşı münasibətləri olsa da rayonda Birliyə məxsus rayon şöbəsinin qərargahla təmin olunmaması çox maraqlıdır. Əldə etdiyimiz bəzi məlumatlarda bu işə döyüşçü olması şübhəli olan və döyüşçü adına yaraşmayan fəaliyyətlə məşğul olan bir nəfərin dedi-qodu ilə məşğul olması öz təsdiqini tapmaqdadır.
Azərbaycan Respublikasısının «Veteranlar haqqında» Qanununun 8-ci maddəsində aydın şəkildə yazılır: «Dövlət orqanları veteran təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərirlər.»

İnanırıq ki, bu problem araşdırma mövzusuna çevrilmədən öz həllini tapacaqdır.
Nəsimi rayon veteranları uğrunda döyüşdükləri ölkədə «kirayənişin» olduqları qərargahda daha bir müharibə veteranını təltif edib.
AVMVİB Nəsimi rayon şöbəsinin üzvü, 1991-1994-cü illərdə ağır döyüş yolu keçmiş Rövşən Əli oğlu Təhməzov AVMVİB-nin təsis etdiyi «Müharibə veteranı» Xatirə medalı ilə təltif olundu.
Müharibə veteranını təbrik edən AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov döyüşçüyə torpaqlarımızın tezliklə azad edilməsini və belə mərasimlərin Qarabağda keçirilməsini arzuadı.
Mərasimdə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina xanım da iştirak edirdi. Regina xanım atasının döyüş yoldaşları ilə görüşə gəlmişdi.
Təbrik edirik!
Elnur Səlim






